Hesablama Palatasının sədri Vüqar Gülməmmədov beynəlxalq paralel səmərlilik auditinin ilkin nəticələri ilə bağlı Ukraynada keçirilən tədbirdə iştirak etmişdir
Əlavə olunub: 2019-10-11

10 oktyabr 2019-cu il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ukraynanın paytaxtı Kiyev şəhərində BMT-nin 2030-cu il Gündəliyinin Nailiyyətlərinə Nəzarət üçün Şərq Tərəfdaşlıq Ölkələrində Ali Audit Qurumlarının Potensialının Gücləndirilməsi Layihəsi nəzdində paralel səmərəlilik auditlərinin aparılması və bu istiqamətdə ikitərəfli əməkdaşlıq  əlaqələrinin gücləndirilməsi istiqamətində toplantı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.

 

Layihənin açılış mərasimində Ukrayna Hesablama Palatasının Sədri Valeriy Patskan,  Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Respublikasının Baş Auditoru cənab Erekle Mekvabişvili,  Belarus Respublikası Dövlət Nəzarət Komitəsinin sədrinin müavini cənab Aleksandr Kurlypo, GİZ-in layihə menecerləri İnqa Sinijkaşvili və Tomas Meyer çıxış etmişlər.

 

Tədbirdə əsas mövzulardan biri olaraq vərəmin qarşısının alınması və müalicəsinə dair paralel auditin keçirilməsi müəyyən edilmiş və bu mövzu üzrə GİZ Eksperti cənab İrakli Tsitsilaşvili “Beynəlxalq paralel səmərəlilik auditinin keçirilməsi ilə bağlı əməkdaşlıq barədə” ümumi mövqe sənədinə dair təqdimatla çıxış etmişdir. Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sektor müdiri Ceyhun Şıxəliyev vərəmlə mübarizə və müalicəsinin beynəlxalq paralel səmərəlilik auditinin keçirilməsi üzrə Azərbaycan tərəfinin ilk nəticələrini təqdim etmiş və intensiv diskusiyalarda verilmiş sualları cavablandırmışdır.

 

Tədbirdə bir daha mövzunun əhəmiyyəti və aktuallığı qeyd olunaraq vərəmin qarşısının alınması və müalicəsinə dair paralel auditin nəticələrinin iştirakçı ölkələrin AAQ-larının iştirakı ilə Şərq Tərəfdaşlıq ölkələrində səhiyyə sistemində aparılacaq islahalarda, həmçinin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin (Sağlamlıq və Rifah) INTOSAI-ın 2017-2022-ci illər üzrə Strateji Planına uyğun icrasının monitorinqi və təsdiqində istifadə ediləcəyi vurğulanmışdır.

 

Tədbirinin növbəti mərhələsi kimi nümayəndə heyətlərinin rəhbərlərinin Ukraynanın Ali Radasının spikeri cənab Dmitriy Razumkov ilə görüş keçirilmişdir. Görüş zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumları timsalında kənar dövlət maliyyə nəzarəti funksiyası üzrə məsul qurumların rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.