Hesablama Palatasının əməkdaşları Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə maliyyə auditi üzrə təlimdə iştirak etmişdir
Əlavə olunub: 2019-09-30

2019-cu il 23-26 sentyabr tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə “Şərq Tərəfdaşlıq ölkələrində 2030-cu il Gündəliyinin məqsədlərinin həyata keçirilməsinə nəzarət üçün Ali Audit Qurumlarının potensialının artırılması“ layihəsi çərçivəsində Hesablama Palatasının əməkdaşları üçün maliyyə auditi üzrə təlim keçirilmişdir. Təlim Gürcüstan Dövlət Audit Ofisinin şöbə müdiri cənab Tornike Şermadinin təqdimatı əsasında keçirilmişdir. Təlimin keçirilməsində əsas məqsəd Palata əməkdaşlarının bu sahədəki nəzəri və praktiki biliklərini daha da möhkəmləndirmək və bu sahədə Gürcüstan Dövlət Audit Ofisinin təcrübəsini paylaşmaq olmuşdur.

 

Təlim zamanı Avropa Auditorlar Məhkəməsinin tövsiyələri əsasında hazırlanmış Maliyyə auditi təlimatına istinad edilmişdir. Təlimin ilk günü Palatanın Auditoru cənab Firsənd Qurbanovun açılış nitqindən sonra iştirakçılara Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının təsnifatı barədə ümumi məlumat təqdim edilmiş, daha sonra maliyyə auditinin mərhələləri və diqqət edilməli əsas məqamlar barədə geniş məlumat verilmişdir. Təlim günləri ərzində praktiki məşğələlər keçirilmiş və iştirakçıların fəal iştirakı ilə  müzakirələr aparılmışdır.

 

Təlimin növbəti günlərində riskin qiymətləndirilməsi, qurum və onun daxili nəzarət mühitinin anlaşılması, fırıldaqçılıq riskinin qiymətləndirilməsi, əhəmiyyətliliyin planlaşdırılması, maliyyə auditinin miqyasının müəyyənləşdirilməsi, ümumi audit strategiyası, maliyyə hesabatlarının təsdiq edilməsi, analitik prosedurlar, audit rəyləri və auditor hesabatlarının məzmunu və bu kimi digər məsələlərə toxunulmuş və qarşılıqlı müzakirələr aparılmışdır. Təlimin sonunda Hesablama Palatasının əməkdaşlarına sertifikatlar təqdim edilmişdir.