Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti XXIII INCOSAI-da iştirak edir
Əlavə olunub: 2019-09-26

2019-cu il 23-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində dünya Ali Audit Qurumlarının birləşdirən INTOSAI təşkilatının əsas idarəetmə orqanı olan Konqresi keçirilir. Sayca 23-cü olan INTOSAI-ın Konqresində (və ya INCOSAI) Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. XXIII INCOSAI zamanı INTOSAI və onun bütün alt-qurumlarının 3 illik dövr üzrə fəaliyyət hesabatlarının dinlənilməsi və qəbul edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, peşəkar müzakirə və fikir mübadiləsinin aparılması üçün 2 aktual mövzu seçilmişdir: “İnformasiya texnologiyalarının dövlət idarəçiliyinin inkişafında rolu” və “Milli prioritet və məqsədlərin nail olunmasında Ali Audit Qurumlarının rolu”.

 

XXIII INCOSAI-ın açılışı və Rusiya Federasiyası Hesablama Palatasının INTOSAI-ın sədrliyinə başlaması ilə əlaqədar innaqurasiya mərasimində Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin çıxış etmişdir. Daha sonra salamlama və təbrik çıxışlarını Moskva şəhərinin meri cənab Sergey Sobyanin və Federal toplantının təmsilçiləri çatdırmışlar. Açılış mərasiminin yekununda INTOSAI-ın əvvəlki sədri BƏƏ AAQ-nın rəhbəri Dr. Harib Al Amimi INTOSAI-ın sədrlik simvolunu RF Hesablama Palatasının sədri Aleksey Kudrinə ötürmüşdür. Bununla da, növbəti üç illik dövr ərzində INTOSAI təşkilatının sədri vəzifəsi Rusiya Federasiyasının Hesablama Palatası tərəfindən həyata keçiriləcəkdir.

 

Konqres öz işinə dəvətli ekspertlərin iştirakı ilə iki panel müzakirənin keçirilməsi davam etmişdir. Bu müzakirələr üçün seçilmiş mövzular “Makroaudit: qlobal iqtisadiyyatın və beynəlxalq inkişafın çağırışları” və “Disrupt dövründə dayanıqlı inkişafı necə təmin etmək olar?” olmaqla Konqresin ümumi mövzularını tamamlaması məqsədini daşıyır. Dəvətli ekspertlər sırasına RF-nın Mərkəzi Bankının, Əmanət Bankının yüksək rəsmiləri, Harvard universitetinin, Microsoft şirkətinin, Dünya Bankının, UNIAID-in təmsilçiləri cəlb edilmişlər.

 

Daha sonra, INTOSAI-ın Baş Katibi – Avstriya AAQ-nın, Yeni yaranan problemlər üzrə Müşahidə komitəsi – BƏƏ AAQ-nın, Siyasi və maliyyə-inzibati komitəsi və Donor təşkilatlarla əməkdaşlı komitəsi – Səudiyyə Ərəbistanı AAQ-nın hesabatları dinlənilmiş və səsvermə nəticəsində qəbul edilmişdir. Ardınca, INTOSAI-ın bütün regional işçi qrupları – AFROSAI, ARABOSAI, ASOSAI, EUROSAI, KAROSAI, OLASEFS və PASAI sonuncu 3 illik ərzində aparılmış fəaliyyətlər və əldə edilmiş nəaliyyətlər barədə məlumat vermişlər. Həmçinin, 2016-2018-ci illər üzrə INTOSAI hesablarının autini aparmış Qana və Litva AAQ-larının hesabatları təqdim edilərək qəbul edilmişdir.

 

Qeyd edilməlidir ki, Konqres ənənəvi olaraq ikitərəfli görüşlərin keçirilməsi üçün platforma rolunu oynayır. Belə ki, Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov Cənubi Koreya AAQ-ının rəhbəri Jae Hyeong Choe, Qazaxstan AAQ-nın rəhbəri Natalya Qodunova, Qırğızıstan AAQ-ının rəhbəri Ulukbek Maripov ilə görüşmüşdür. Görüşlər zamanı kənar dövlət maliyyə nəzarəti funksiyalarının yerinə yetirilməsi üzrə aktual məsələlər müzakirə edilmiş və ikitərəfli müstəvidə əməkdaşlığın gücləndirilməsinin zərurəti vurğulanmışdır.

 

Növbəti günlərdə əsas mövzular üzrə panel müzakirələrin aparılması və INTOSAI cəmiyyətinin inkişafına yönələn strateji sənədlərin baxılması və qəbulu nəzərdə tutulmuşdur.

Konqresin işinin yekunu olaraq Moskva bəyannaməsinin qəbul edilməsi gözlənilir.