Hesablama Palatasının əməkdaşları Gürcüstan Respublikasının Batumi şəhərində səfərdə olmuşlar
Əlavə olunub: 2019-09-16

Azərbaycan Respublikası Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, İcmal-analitik şöbənin böyük məsləhətçisi Ehtina Bəşirov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Nərminə İsayeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstan Respublikasının Batumi şəhərində “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Səmərəlilik auditi” mövzusu üzrə təlimdə iştirak etmişlər.

 

Təlimlər 4 gün ərzində Gürcüstan Dövlət Audit Ofisinin Müdafiə sahəsində ictimai asayiş və təhlükəsizliyin auditi şöbəsinin müdiri Sofo Dvalişvili tərəfindən həyata keçirilmişdir.

 

Təlimin ilk günü iştirakçılar özlərini və təmsil etdikləri qurumu təqdim etdikdən sonra təlimçi səmərəlilik auditi və ISSAI 3000 barədə ümumi məlumat vermiş, səmərəlilik auditi ilə digər audit növləri arasındakı fərq, səmərəlilik auditinin 3 əsas prinsipi, audit mövzuları və dəqiq audit probleminin müəyyən edilməsi üçün istifadə edilən “Problem ağacı”nı izah etmişdir. Təlim zamanı səmərəlilik auditinin metodları, məlumat təhlili, audit tövsiyələri barədə məlumat verilmiş,  iştirakçılar tərəfindən qrup şəklində müxtəlif tapşırıqlar yerinə yetirilmiş o cümlədən, audit meyarı müəyyən edilmiş və matriks nümunəsi hazırlanmış, eləcə də  təqdim edilmiş audit tövsiyələrinin zəif cəhətləri müəyyənləşdirildikdən sonra yenidən tərtib edilmişdir. Bundan başqa, müxtəlif sahələrdə Gürcüstan AAQ-ı tərəfindən aparılmış səmərəlilik auditlərindən nümunələr təqdim edilmiş və  bu auditlərdə müəyyən edilən əsas tapıntılar barədə müzakirələr aparılmışdır.