Hesablama Palatasının əməkdaşları INTOSAI İnkişaf Təşəbbüsünün (IDI) AAQ-ların Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsi üzrə növbəti təlim kursunda iştirak etmişlər
Əlavə olunub: 2019-09-09

Hesablama Palatasının əməkdaşları - İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, Analitik hesabatlar və icmallaşdırma sektorunun müdiri Sənay Paşayev, Beynəlxalq əməkdaşlıq və Ali audit qurumları ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva  INTOSAI təşkilatının İnkişaf Təşəbbüsü (IDI) tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən növbəti təlimdə iştirak etmişlər. Təlim AAQ-ların Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsinin (SAI PMF) icmal mərhələsinə həsr edilmişdir. Təlim İDİ nümayəndələri tərəfindən idarə olunmuşdur.

 

Təlimdə SAI PMF-in bütün domenləri (A) Müstəqillik və Hüquqi Çərçivə, B) Daxili İdarəetmə və Etika, C) Audit Keyfiyyəti və Hesabatlılıq, D) Maliyyə İdarəetməsi, Aktivlər və Dəstək Xidmətləri, E) İnsan Resursları və Təlim, F) Əlaqə və Maraqlı tərəfdaşlarla idarəetmə) üzrə görülmüş işlər, hər domen üzrə əsas güclü və zəif tərəflər, eyni zamanda fəaliyyətin keyfiyyət baxımından qiymətləndirilməsi və bu qiymətləndirilmənin Strategiya, Performansın Ölçülməsi və Hesabatlılıq (SPMR) çərçivəsində istifadə edilməsi üzrə təqdimatlar edilmiş və qrup çalışmaları aparılmışdır.

 

Qeyd edək ki, bu proqramın əsas məqsədi AAQ-ların potensialının inkişaf etdirilməsi ilə ISSAI 12-yə (Ali Audit Qurumlarının dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) uyğun olaraq AAQ-ların cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsində rolunun gücləndirilməsidir. Bu zaman qurumun fəaliyyətində yuxarıda qeyd edilən domenlər üzrə güclü və zəif tərəfləri müəyyən etməklə müxtəlif inkişaf göstəricilərinin müqayisəsi təmin edilir. Belə qiymətləndirmə, AAQ-ların Strateji İnkişaf Planının tərtibi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, sonradan həmin planların icrası nəticəsində əldə edilmiş uğurları ölçmək imkanı verir. Eyni zamanda, ISSAI 12-nin tələblərinə uyğun müəyyən edilmiş 3 məqsəd və 12 prinsipin tətbiq səviyyəsi dəyərləndirilir ki, bu da AAQ və cəmiyyət, həmçinin digər tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə imkan verir.