Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirini qəbul etmişdir.
Əlavə olunub: 2019-08-05

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Tonq Opu və səfirin siyasi işlər üzrə müşaviri cənab Lee Jae Voongu qəbul edib.

 

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Tonq Op Hesablama Palatasının sədri Vüqar Gülməmmədova qəbul üçün təşəkkür edərək iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı qurulması və gücləndirilməsinin əhəmiyyətini qeyd etmiş, bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zəruriliyini vurğulamışdır. Cənab səfir Koreya Respublikasının Ali Audit Qurumunun rəhbəri cənab Jaehyeong Choenin Birləşmiş Millət Təşkilatının Auditorlar Şurasına 2020-2026-cı illər üzrə seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət məktubunu Hesablama Palatasının sədrinə təqdim etmişdir.  

 

Görüş zamanı, Vüqar Gülməmmədov Hesablama Palatası, onun strukturu, fəaliyyəti və beynəlxalq audit ictimaiyyətində Palatanın iştirakı ilə bağlı məsələlər barəsində danışmışdır.

 

Habelə, INTOSAI çərçivəsində iki ölkənin AAQ-ı arasında mövcud əlaqələrə toxunulmuş və yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində iki qurum arasında gələcək bilik və təcrübə mübadiləsi imkanlar barədə də müzakirələr aparılmışdır. Bundan başqa hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.

 

Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ-ı arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.