Hesablama Palatasının əməkdaşları Polşada səfərdə olmuşlar
Əlavə olunub: 2019-07-26

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsi çərçivəsində “Hesablama Palatasının özünün funksiya və fəaliyyəti ilə əlaqədar Milli Məclis, audit aparılan təşkilatlar və KİV-lər kimi daha dolğun məlumata malik maraqlı tərəflər ilə effektiv ünsiyyət qurması” mövzusunda 4-cü Komponent üzrə 2019-cu il 07-12 iyul tarixlərində Polşa Respublikasında təlim səfərində olmuşdur.

 

Təlim səfərinin ilk günü nümayəndə heyəti Polşa Ali Audit İdarəsinin inzibati binasında iş prosesi ilə yaxından tanış olmuş və onlara Polşa Ali Audit Ofisinin yaranması və ona rəhbərlik edən şəxslər barədə qısa məlumat verilmişdir.

 

Daha sonra nümayəndə heyətini Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Krzysztof Kwiatkowski qəbul edərək Polşa Ali Audit Ofisinin mandatı, strukturu, əsas fəaliyyəti barədə danışmış və Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin proqrama uyğun və uğurla keçiriləcəyini ifadə etmişdir.

 

Nümayəndə heyəti ilə görüşən Polşa Ali Audit İdarəsinin mətbuat xidmətinin nümayəndəsi media ilə münasibətlər barədə məlumat vermiş və qonaqları mətbuat otağı ilə tanış etmişdir.

 

Polşa Ali Audit İdarəsinin Prezidentinin müşaviri cənab  Jacek Mazur öz təqdimatında Polşa Ali Audit İdarəsi ilə Parlament arasında mövcud olan əlaqələrdən və audit yanaşmasından, eləcə də Polşa AAQ-ının Parlamentin sessiyalarında iştirakından və hesabat vermə prosesindən ətraflı danışmış, Avropa İttifaqı ölkələrinin AAQ-larının Parlament Komitələrinin iclaslarında iştirakı  ilə bağlı apardığı müqayisəli təhlillər barədə məlumat vermişdir.  

 

Polşa Ali Audit İdarəsinin Prezidentinin müşaviri Paweł Biedziak görüş zamanı qurumun media ilə münasibətləri ilə bağlı məlumat verərkən internet səhifəsinin, portallarının və  televiziyanın Ali Audit İdarəsinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasındakı rolundan bəhs etmişdir.

 

Polşa Ali Audit İdarəsinin Krakov regional bölməsində aparılmış təlimlərdə  bölmənin direktoru xanım Jolanta Stawska ümumilikdə Małopolska Regionu və Krakov bölməsinin fəaliyyəti haqqında geniş bir təqdimatla çıxış etmiş, tərəfdaşlarla münasibətlərdən bəhs etmişdir.

 

Krakovda Ətraf Mühitin Mühafizəsi üzrə Regional Müfəttişlikdə Hesablama Palatasının nümayəndələrinə ətraf mühitin mühafizəsi ilə bağlı son illərdə aparılmış auditlər, ətraf mühitin çirklənməsinin səbəbləri və  qarşısının alınması üçün görülmüş işlər barədə məlumat verilmişdir.

 

Małopolska Regionunun yerli idarəetmə orqanında keçirilən görüş zamanı Baş Katib orqanın fəaliyyəti və Polşa Ali Audit İdarəsi ilə münasibətlər barədə təqdimatla çıxış etmişdir.

 

Görüşlər qarşılıqlı müzakirələr formasında keçirilmiş və Hesablama Palatası əməkdaşlarının sualları cavablandırılmışdır.