Hesablama Palatasının əməkdaşları Gürcüstan Respublikasının Tbilisi şəhərində səfərdə olmuşlar.
Əlavə olunub: 2019-07-24

Azərbaycan Respublikası Hesablama Palatasının İcmal-analitik şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Malik Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstan Respublikasının Tbilisi şəhərində “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Büdcə təhlili və İT auditi” mövzusu üzrə təcrübə proqramında iştirak etmişlər.

 

Təcrübə proqramının iştirakçılarını ilk olaraq Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili qəbul etmiş və proqram haqqında qısa məlumat vermişdir.

 

Təlimlər 5 gün ərzində Gürcüstan Dövlət Audit Ofisinin Büdcə və strateji təhlil şöbəsinin və İT auditi sektorunun əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

Tədbir zamanı əvvəlcə Gürcüstan Dövlət Audit Ofisinin mandatı, strukturu, əsas fəaliyyət istiqamətləri, beynəlxalq və donor əlaqələri barədə məruzələr edilmiş, daha sonra büdcə planlaşdırılması və icrası mərhələlərində Dövlət Audit Ofisinin dövlət büdcəsinə dair hesabatlarının hazırlanması prosesində Dövlət Audit Ofisinin şöbələrində görülən işlər və həmin işlərin əlaqələndirilməsi ilə bağlı məlumat verilmişdir. Müvafiq hesabatlar üzrə makroiqtisadi proqnozların, fiskal risklərin, dövlət büdcəsi gəlirlərinin və xərclərinin, maliyyə aktivlərinin idarə olunmasının, dövlət borcunun, orta müddətli xərclər çərçivəsinin, proqram büdcəsinin təhlili ilə bağlı təqdimatlar edilmiş və hər bir istiqamət üzrə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda təlim çərçivəsində Dövlət Audit Ofisinin illik fəaliyyət hesabatı, audit planı və “Budget Monitor” adlı analitik veb portalı barədə təlim iştirakçılarına ətraflı məlumat verilmişdir.

 

Təlim proqramının digər istiqaməti İT auditi mövzusuna həsr edilmiş, burada İT auditi ilə bağlı Gürcüstan Respublikasının təcrübəsi üzrə məruzələr edilmiş, İT auditi zamanı həyata keçirilən prosedurlar və bu auditlərdə müəyyən edilən əsas tapıntılar barədə müzakirələr aparılmışdır.

 

Səfər zamanı Hesablama Palatasının əməkdaşları Dünya Bankı Tərəfindən maliyyələşdirilən “Gürcüstan Respublikasında İT auditinin inkişafı” adlı layihənin bağlanış mərasimində də iştirak etmişlər.