Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti IDI və UNDESA-nın birgə toplantısında iştirak etmişdir
Əlavə olunub: 2019-07-23

2019-cu il iyul ayının 21-22-də BMT-nin ABŞ-ın Nyu York şəhərində yerləşən qərargahında INTOSAI-ın İnkişaf Təşəbbüsü (IDI) və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin “Ali Audit Qurumları tərəfindən dəyişiklik etmək: dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olunmasının auditi” mövzusunda birgə toplantısı keçirilmişdir. Ali Audit Qurumlarının rəhbərliyinin və maraqlı tərəflərin görüşü formatında keçirilmiş tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.

 

Görüşün açılış mərasimində UNDESA-nın Baş katibinin Siyasətin koordinasiyası və qurumlararası münasibətlər üzrə müavini xanım Mariya-Françeska Spatolisano və IDI-ın İdarə heyətinin üzvü, Kosta Rikanın Baş Auditoru xanım Marta Akosta salamlama nitqi ilə çıxış etmiş və BMT tərəfindən müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında dünya AAQ-larının əhəmiyyətli rolundan söz açmışlar. Görüşün əsas hissəsi aşağıdakı mövzuları əhatə etməklə 10 sessiya çərçivəsində aparılmış müzakirə panelləri formasında keçirilmişdir:

 

- Dövlətlər 2030-cu il gündəliyini icra etməyə hazırdırmı?  DİM-ə (Dayanıqlı inkişaf məqsədləri) hazırlığın auditi ilə bağlı baxışlar və tövsiyələr;

- DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr : Institusional hazırlıq;

- DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr : Siyasət inteqrasiyası, büdcələr və tərəfdaşlıq;

- DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr:  Məlumat və monitorinq;

- DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr:  Heç kim kənarda qalmamışdır, gender bərabərliyi və maraqlı tərəflərin cəlb olunması;

- Auditlər nə fərqlilik yaratmışdır?

- Auditin təsiri: DİM auditləri ətrafında məlumatlandırma və əməkdaşlıq;

- DİM-ə nail olmanın auditi: AAQ-larla bağlı strateji yanaşmalar;

- DİM-ə nail olmanın auditi: DİM-lərin audit təcrübəsinə inteqrasiya edilməsi;

- DİM-ə nail olmanın auditi: Əməkdaşlıq imkanlarının axtarışı.

 

Birinci sessiyada çıxış edən IDI-ın direktor müavini xanım Arçana Şirsat IDI və INTOSAI-ın Biliyin Mübadiləsi Komitəsinin “DİM-lərin auditi” adlı birgə proqramı çərçivəsində hazırlanmış təhlil hesabatını təqdim etmiş və onun onlayn rejimdə yerləşdirilməsi mərasimini keçirmişdir. “Dövlətlər 2030 gündəliyini icra etməyə hazırdırmı?” adlı hesabatın yekun versiyası https://www.idi.no/en/idi-cpd/auditing-sustainable-development-goals-programme/sdgs-audit-publication linkindən əldə oluna bilər. Qeyd edilməlidir ki, cari sənədin hazırlanmasında 40-dan artıq AAQ-ın hesabatından istifadə edilmişdir.

 

Digər sessiyalarda Argentina, ABŞ, Braziliya, Çili, Finlandiya, Rusiya, Slovakiya, Malta, Fici, İndoneziya, Hindistan, Filippin, Uqanda, Seneqal, Mavritaniya, Monqolustan AAQ-larının və INTOSAI, UNDESA, Dünya Bankı, GİZ, OLACEFS, CAAF və digər təşkilatların nümayəndələri panel müzakirələrdə fikir mübadiləsi aparmışlar.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti qeyd edilən mövzular ətrafında müzakirələrdə iştirak etməklə yanaşı müxtəlif layihələr üzrə əməkdaşlıq etdiyi AAQ-ların nümayəndə heyətləri (Polşa, Gürcüstan, Ukrayna və s.) ilə görüşlər keçirmişdir.

 

Tədbirin sonunda BMT tərəfindən müəyyən edilmiş 2030-cu il gündəliyinə uyğun olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində qlobal AAQ cəmiyyətinə aid kənar dövlət auditi funksiyasının gücləndirilməsinin əhəmiyyəti vurğulanmış və müvafiq təşəbbüslərə dair çağırışlar səsləndirilmişdir.