Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə dövlət büdcəsindən toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə təsərrüfatlara ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasının təhlilinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri
Əlavə olunub: 2019-07-19

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən hazırlanmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə dövlət büdcəsindən toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə təsərrüfatlara ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasının təhlilinə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı”nı müzakirə edərək təsdiq etmişdir.

 

Analitik fəaliyyət 2016-2018-ci illər üzrə seçmə qaydada 6 rayonun 22 toxumçuluq və tingçilik təsərrüfatına hesablanmış və ödənilmiş 2440,7 min manat subsidiya məbləğini əhatə etmişdir.

 

Respublikamızda sertifikatlı toxum istehsalının subsidiyalaşdırılması 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalçılarında bu sahəyə ciddi maraq yaratmış, son on ildə müxtəlif kənd təsərrüfatı bitkiləri üzrə sertifikatlı toxum istehsalı ümumilikdə 7,5 dəfə artmış və əkin sahələrinin həcmi çoxalmışdır.   

 

         Bununla yanaşı, bəzi əsas kənd təsərrüfatı bitkilərinin toxumları və hazır məhsulları üzrə idxaldan asılılıq mövcud olduğu şəraitdə respublika üzrə 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin illik kvotasının hesablanmasında əsaslandırılmış yanaşma tətbiq olunmamış, 2016-2018-ci illər üçün respublika üzrə əvvəlki illərdə satılmış 1-ci reproduksiyalı toxumların miqdarı və onun səpilərək becərilməsindən sonrakı illərdə alınan 2-ci reproduksiyalı toxumların miqdarı arasında uyğunsuzluq mövcud olmuş, kvotalar proqnozlaşdırılarkən cari ilin 2-ci reproduksiyalı toxum istehsalı və satışının əvvəlki ilin istehsalı olan 1-ci reproduksiyalı toxumun miqdarından asılılığı (mütənasibliyi), eləcə də əkinçilik rejimi və ardıcıl çoxaldılma prinsipləri və sertifikatlı toxumlarla özünütəminetmə səviyyəsi nəzərə alınmamış, bu vəziyyət 1-ci və 2-ci reproduksiyalı toxum və ting istehsalçılarının istehsal gücünün artırılmasını və respublika səviyyəsində müvafiq mallar üzrə idxaldan asılılığın azaldılmasını əhəmiyyətli dərəcədə sövq etməmiş, bu sahəyə yeni istehsalçıların cəlb edilməsini tam stimullaşdırmamış, uyğun səviyyədə kvota müəyyənləşdirilməklə dövlət büdcəsindən ayrılan subsidiyaların səmərəliliyini və nəticəliliyini artırmamışdır.

 

          Eləcə də, rayon (şəhər) komissiyalarından daxil olmuş təsərrüfatların sənədlərinə rəy verilməsi məqsədilə aidiyyatı dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış Ekspert Şurasının fəaliyyətini tənzimləyən müvafiq normativ sənəd, o cümlədən azaldıcı əmsallar tətbiq etmək səlahiyyəti mövcud olmadığı halda Ekspert Şurasının təklifləri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1-ci reproduksiyalı taxıl və kartof toxumçuluq təsərrüfatlarının (istehsalçıların) subsidiya alınması üçün təqdim etdiyi miqdarın illik kvotaya uyğunlaşdırılması məqsədilə azaldıcı əmsallar tətbiq edilmişdir.

 

          Son illər ərzində 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin yetişdirilərək satışına görə subsidiyanın verildiyi şəraitdə Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi məlumatlara görə respublika üzrə buğda və arpa əkinlərinin sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına ödənilmə səviyyəsi 2016-2018-ci illərdə qismən olmuşdur.

 

          1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin istehsal edilərək satılmasına görə dövlət büdcəsindən təsərrüfatlara (istehsalçılara) ödənilmiş subsidiyanın əsas hissəsinin (təqribən 90%-nin) verildiyi taxıl toxumu üzrə bu növ subsidiyanın və digər müvafiq dövlət dəstəyi tədbirlərinin nəticəsi olaraq respublikamızda taxılın orta məhsuldarlığı son illərdə nisbətən artmışdır.

 

          Seçmə qaydada aparılmış təhlillərə əsasən 6 rayon üzrə 20 toxumçuluq təsərrüfatında 2016-2018-ci illər ərzində istehsal edilmiş 1-ci reproduksiyalı taxıl toxumlarının satışına görə dövlət büdcəsindən ayrılmış subsidiya bir sıra hallarda müvafiq qaydada qeydiyyatdan keçməyən toxumçulara satılmasına görə ödənilmişdir.

 

          Bu proses respublikamızda kənd təsərrüfatı bitkiləri üzrə məhsuldarlığın artırılmasına ciddi müsbət təsir göstərməmiş, əksinə dövlət büdcəsindən ödənilən müvafiq subsidiyaların nəticəliliyini aşağı salmışdır. Digər tərəfdən, dövlət büdcəsinin vəsaiti hesabına istehsal edilmiş orijinal, super elit və elit toxumlarının ardıcıl çoxaldılmasından alınan 1-ci reproduksiyalı toxumu qeyri-toxumçulara satmaqla onun sonrakı çoxaldılması imkanlarından istifadə olunmaması nəticəsində bu sahəyə yönəldilən dövlət vəsaitlərinin səmərəliliyi tam təmin edilməmişdir.

 

          Yekun olaraq dövlət büdcəsindən ayrılan müvafiq subsidiyaların səmərəliliyinin və nəticəliliyinin daha da artırılması üçün toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi mexanizminin köklü surətdə dəyişdirilərək yeni yanaşmanın tətbiqinə dair təkliflər hazırlanmışdır.

 

          Hesablama Palatasının Kollegiyası qərar qəbul edərək kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri üzrə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün qərarın və qərarla təsdiq edilmiş Auditor hesabatının surəti Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.