Sumqayıt Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına dair uyğunluq auditinin nəticələri haqqında məlumat
Əlavə olunub: 2019-07-19

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən hazırlanmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt Regional İdarəsi (İdarə) üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Audit 2017-2018-ci illər üzrə 20254,4 min manat vəsaiti əhatə etmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməmiş, 2017-2018-ci illər üçün büdcə vəsaiti üzrə proqnoz tərtib edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək İdarənin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmişdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ştat saylarının müəyyən edilməsi ilə bağlı müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılmış, mədəni maarif müəssisələrində işləyənlərin tarif dərəcələri düzgün müəyyənləşdirilməyərək artıq əmək haqqı ödənilmiş və artıq dərs saatları tarifləşdirilmişdir.    

 

Xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilmiş, avadanlıqların kirayəyə götürülməsi adı ilə müxtəlif firmalara vəsait ödənilmiş, müvafiq təsdiqedici sənədlər olmadan inventar və avadanlıqlara texniki xidmət üçün vəsait xərc edilmiş, alınmış elektron lövhələr istifadəsiz saxlanılmış, avtonəqliyyat vasitələrinə normadan artıq cari təmir işləri yerinə yetirilmiş, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilmiş, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməmişdir.

 

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın tələblərinə əməl edilməmiş, satınalma keçirilmədən vəsait xərc edilmiş, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara görə artıq vəsait ödənilmiş, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə nəzərdə tutulmuş vəsaitlər ayrı-ayrı müqavilələrə bölünmüşdür.

 

Auditor Hesabatında qeyd edilmiş nöqsanlar dinlənilmiş, İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə satınalmanın ayrı-ayrı müqavilələrə bölünməsinə, malların ehtimal olunan qiymətinin mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

 

Regional İdarə tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, istifadəsiz saxlanılmış inventarların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmaqla 2018-ci ilin maliyyə hesabatlarının tərtib olunaraq Hesablama Palatasına təqdim edilməsinin təmin olunması göstərilmişdir.

 

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya qərarı və Auditor hesabatının surəti Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinə və Sumqayıt Regional Mədəniyyət İdarəsinə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.