Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan auditin nəticələri haqqında məlumat
Əlavə olunub: 2019-07-19

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən hazırlanmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Audit 2017-2018-ci illər üzrə 12113,1 min manat vəsaiti əhatə etmişdir.

 

Hesabatda göstərilmişdir ki, çarpayı günləri 2017-cı ildə 43,3%, 2018-ci ildə 43,7% icra olunmasına baxmayaraq, ayrı-ayrı xəstəxanalar üzrə çarpayı günlərinin icrası 2017-ci ildə 2,7%-dən 53,4%-dək, 2018-ci ildə 1,7%-dən 51,4%-dək fərqli olmuşdur. Carpayı günlərin az icra olunmasına baxmayaraq 2017-ci ilin  əvvəlinə vakant olan 57,0 ştatın 10,0 vahidi, 2018-ci ilin əvvəlinə vakant olan 76,0 ştatın 4,0 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilmiş, ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2017-ci ildə 0,5-4,4 manat, 2018-ci ildə 0,06-4,1 manat, ərzaq xərci isə müvafiq olaraq 2,4-3,7 manat, 2,9-4,8 manat təşkil etmiş, bəzi kənd sahə xəstəxanalarında isə icra olunmuş çarpayı günləri dərmanla təmin olunmamışdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydaları"nın tələbləri bəzi hallarda gözlənilməmiş, istifadə müddəti bitmiş dərman, sarğı ləvazimatları və materialları aşkar edilmiş, əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməmiş, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilmiş, normadan artıq ərzaq məhsulları silinmiş, yerinə yetirilməmiş əsaslı təmir işlərinə görə vəsait ödənilmiş, ehtimal olunan qiymətlərin müəyyən edilməməsi səbəbindən mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilmiş, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilmiş, səhiyyə müəssisələrinin tələbatından artıq mal-materillar alınaraq uzun müddət istifadəsiz saxlanılmışdır.

 

2017-2018-ci illərdə əsas vəsaitlərin silinməsi zamanı metal qırıntısı toplanıb təhvil verilməmiş, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli Q-13 №-li Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na bir sıra hallarda əməl edilməmişdir.

 

Auditor Hesabatında qeyd edilmiş nöqsanlar dinlənilmiş, Bərdə Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma keçirilmədən vəsait xərc edilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

 

Xətəxana tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla qəbul edilmiş Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, səhiyyə müəssisələrinin tələbatından artıq alınaraq uzun müddət istifadəsiz saxlanılmış müxtəlif avadanlıq və mal-materialların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, 2018-ci ilin maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan pozuntular və uyğunsuzluqlar aradan qaldırılmaqla 2019-cu ilin maliyyə hesabatlarının müvafiq qaydalara uyğun olaraq tərtib edilməklə Hesablama Palatasına təqdim olunmasının təmin edilməsi göstərilmişdir.

 

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Kollegiya qərarı və Auditor hesabatının surəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.