Azərbaycan, Belarusiya, Gürcüstan və Ukrayna AAQ-ları birgə Anlaşma Memorandumu imzalamışlar
Əlavə olunub: 2019-07-11

11 iyul 2019-cu il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.

 

Layihənin açılış mərasimində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GİZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmiləri çıxış etmişlər.

 

    

 

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” adlı layihəsi Şərq Tərəfdaşlıq ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları  sahəsində görüşlərin, seminarların, təlimlərin və Ali Audit Qurumlarının (AAQ) əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

 

Layihə AAQ-ların potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Gürcüstan Respublikasının Tbilisi şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün Forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda Ukrayna Pespublikasının Kiyev şəhərində səmərəlilik auditinə dair təlim-seminar keçirilmişdir.

 

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna AAQ-larının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumunu imzalamışlar.