Hesablama Palatasının nümayəndə heyəti INTOSAI-ın toplantısında iştirak edib
Əlavə olunub: 2019-05-31

Azərbaycan Respublikasının Hesablama Palatasının auditoru Cəfər Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu il may ayının 27-28-də Portuqaliyanın Lissabon şəhərində keçirilmiş INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 16-cı illik toplantısında iştirak etmişdir. Toplantıda Hindistan, Azərbaycan, Braziliya, Gürcüstan, Macarıstan, Qətər, Rusiya Federasiyası, Slovakiya, Çin, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak etmişdir.

 

Açılış nitqi ilə çıxış edən Portuqaliya Auditorlar Məhkəməsinin Prezidenti cənab Vitor Manuel da Silva Caldeira tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlamış və Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulamış, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirmişdir.

 

Tədbirdə Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan AAQ-larının, Avropa Auditorlar Məhkəməsinin, INTOSAI-ın İnkişaf Təşəbbüsünün və videokonfrans vasitəsilə Meksika AAQ-ının  təqdimatları dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.

 

Hesablama Palatasının auditoru Cəfər Həsənov  Palatanın fəaliyyətini tənzimləyən “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikasının yeni qanunu, bu qanunun maddələrinə, eləcə də INTOSAI-ın prinsip və standartlarına uyğun Palatada hazırlanmış “Uyğunluq Auditi üzrə təlimat” və keçirilmiş uyğunluq auditi barədə ətraflı məlumat vermiş,  iştirakçı AAQ-ların bu sahədə təcrübələrini öyrənmək məqsədilə onlara suallar ünvanlamışdır. Təqdimatda qeyd edilən auditin planlaşdırılması mövzusunun daha da təkmilləşdirilməsi məqsədilə Alt-komitənin İş Planına daxil edilməsi qərara alınmışdır.

 

Eyni zamanda, Hesablama Palatası Uyğunluq  Auditi üzrə Alt-komitənin 2.3 Layihəsi üzrə səmərəlilik və uyğunluq auditlərinə dair təlimatın hazırlanması ilə bağlı layihənin üzvləri sırasına qəbul edilmişdir.

 

İki günlük tədbirin sonunda Alt-komitənin növbəti toplantısının 2020-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir.