Hesablama Palatasının əməkdaşları Polşada səfərdə olmuşlar
Əlavə olunub: 2019-05-27

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsi çərçivəsində “Kadrlardan maksimum dərəcədə səmərəli istifadə edilə bilməsi üçün Hesablama Palatasının insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi” Komponenti üzrə 2019-cu il 19-24 may tarixlərində Polşa Respublikasında təlim səfərində olmuşdur.

 

Səfərin ilk 3 günü təlimlər Polşa Ali Audit Ofisinin Qalavitse Təlim Mərkəzində Polşa Ali Audit Ofisinin peşəkar ekspertləri tərəfindən keçirilmişdir. Təlim zamanı ilk öncə Polşa Ali Audit Ofisinin tarixi, mandatı, strukturu, əsas fəaliyyəti barədə ətraflı məlumat verilmiş, işə qəbul və müsabiqə prosedurları haqqında, eləcə də auditorlar (audit fəaliyyətini həyata keçirən əməkdaşlar) üçün peşə hazırlığı kursları barədə təqdimatlar nümayiş etdirilmişdir.

 

Təlimin son 2 günü Hesablama Palatasının nümayəndələri Polşa Ali Audit Ofisinin inzibati binasında iş prosesi ilə yaxından tanış olmuş, yerində təcrübələr əldə etmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Hesablama Palatası və  Polşa Ali Audit Ofisinin əməkdaşları arasında dövlət qulluğunu və kadr siyasətini əhatə edən məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.