Hesablama Palatasının ev sahibliyi etdiyi INTOSAI-ın İşçi qrupunun toplantısı başa çatmışdır
Əlavə olunub: 2019-05-24

 Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda keçirilən INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı bu gün öz işini davam etdirib.

 

INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupun əsas məqsədi standartların təqdim edilməsi, qabaqcıl təcrübə mübadilələrinin təşkili, qarşılıqlı maraq və problemli məsələlərə dair tədqiqat aparmaq da daxil olmaqla bilik mübadiləsi vasitəsilə Ali Audit Qurumlarının əməkdaşlığı və davamlı inkişafıdır.

 

25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən və 34 üzv Ali Audit Qurumundan (AAQ) ibarət olan İşçi Qrupa sədrliyi 2017-ci ildə Fillippin Audit Komissiyası öz üzərinə götürmüşdür.

 

27 ölkənin Ali Audit qurumunun nümayəndə heyətinin iştirak etdiyi İşçi Qrupun Bakı toplantısının ilk günündə qonaqları salamlayan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Toplantının məqsədi, mövzusu barədə məlumat verdi, islahatlar dövründə  dövlət borcunun idarəedilməsi və auditi  mövzusunun hər bir ölkə üçün aktuallığından danışdı, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğuladı.

 

Filippin  Audit Komissiyasının və Dövlət Borcu üzrə İşçi Qrupun Sədri  Michael G. Aguinaldo  açılış nitqində çoxtərəfli və ikitərəfli əməkdaşlığın Ali Audit Qurumlarının  fəaliyyətində rolundan danışdı, Toplantının işinə uğurlar arzuladı. Toplantının təsdiq edilmiş  gündəliyinə əsasən   İşçi qrupun    fəaliyyəti  haqqında  sədr Michael G. Aguinaldo və ADA Universitetinin müəllimi, beynəlxalq təlimçi Elçin Rəşidov mövzu ilə bağlı təqdimatla çıxış etdilər. 

 

Dövlət borcu dövlət maliyyəsinin tərkib hissəsidir və borcun idarəedilməsi rifahın yüksəldilməsi məqsədini daşımalıdır fikrini vurğulayan ADA Universitetinin müəllimi, layihə maliyyəsi, layihə qiymətləndirilməsi və ekspertizası və biznesin statistik təhlili mövzularında beynəlxalq təlimçi Elçin Rəşidovun  mövzu ilə bağlı məruzəsi böyük maraq doğurdu.  

 

Toplantıda iştirak edən  Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin meneceri və baş təhlilçisi Li Hakim, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının  (UNCTAD) nümayəndəsi Stefani Blankenburq (canlı video təqdimatla), INTOSAI-ın İnkişaf Təşəbbüsünün (IDI) Direktor müavini Arçana P. Şirsat, Hindistan Ali Audit Qurumunun nümayəndəsi  Caysankar Dhandapani,  Rusiya Federasiyası Ali Audit Qurumunun nümayəndəsi Tatyana Otroxova, Gürcüstan Ali Audit Qurumunun nümayəndəsi Ana Mazmişvili, Çin Xalq Respublikası Ali Audit Qurumunun nümayəndəsi Vanq Banqvu,  ABŞ Ali Audit Qurumunun nümayəndəsi Doun Simpson, Maldiv Ali Audit Qurumunun nümayəndələri Hüseyn Niyazi və Məqbul Xalid,  Küveyt Ali Audit Qurumunun nümayəndələri Salma Əl-Essa Al-Qenae və Rim Həmid Əlsayif, İordaniya  Ali Audit Qurumunun nümayəndəsi Dr. Bilal Camal Əhməd Akaşeh, Tailand Ali Audit Qurumunun nümayəndələri  Pitikun Nilthanom və Orapan Limriantonq  çıxış etdilər.

 

Mövzular üzrə müzakirələrdən sonra 2020-2022-ci illər üzrə İşçi Qrupunun İş Panından irəli gələn tədbirlər üzrə Misir və Hindistan Ali Audit Qurumlarına, eləcə də, Şimali Makedoniya və Litva Ali Audit Qurumlarına tapşırıqlar müəyyən edildi, İş Planının layihəsi müzakirə olunaraq təsdiq edildi, 2020-ci il və 2021-ci ildəki tədbirləri keçirəcək Ali Audit Qurumları müəyyən edilərək bəyənildi.

 

Toplantının sonunda Dövlət Borcu üzrə İşçi Qrupun Sədrinin  və Azərbaycan Respublikası Ali Audit Qurumu Təşkilat Komitəsinin  yekun qeydləri və işgüzar inzibati bəyanatları dinlənildi.

 

Bununla da  Azərbaycan Respublikası Ali Audit Qurumunun təşkilatçılığı ilə   INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun Toplantısı öz   işini  başa çatdırdı.