Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumunda çıxışı
Əlavə olunub: 2019-05-22

Dünyada əsas meyillər

Dövlət maliyyəsinin idarə edilməsi xüsusiyyətləri dünyada gedən iqtisadi və maliyyə prosesləri fonunda sürətlə dəyişir. Bu fonda əsas meyillərdən biri dövlət borcunun idarə edilməsinin institusional bazasının gücləndirilməsidir. 

Dövlət borcunun idarə edilməsi sisteminin institusional bazasının gücləndirilməsi maliyyəçiləri bir çox məsələlərə diqqət yetirməyə sövq edir. Bu əsasda, əsas məsələlər dünya və ölkədə formalaşan makroiqtisadi və maliyyə institutlarının inkişaf səviyyəsi, dövlət maliyyəsinin planlaşdırılma xüsusiyyətləri, dövlətin iqtisadi hədəfləri və dövlət auditi institutunun formalaşmasıdır.

Ali Audit Qurumları üçün qabaqcıl təcrübə və mövcud vəziyyət

Ali Audit Qurumlarının (AAQ) dövlət borcunun idarə edilməsi və onun auditi istiqamətində fəaliyyəti fərqli müstəvidə baxış bucağı tələb edir. AAQ-lar ilk növbədə qabaqcıl təcrübəyə ― INTOSAI-ın ISSAI standartlarına müraciət etməyə çalışır.

Azərbaycan Respublikasının Hesablama Palatası audit fəaliyyətində ISSAI standartlarını davamlı olaraq tətbiq edir.

Belə ki, Hesablama Palata Ali Audit Qurumlarının qabaqcıl təcrübə olaraq qəbul etdiyi INTOSAI-ın ISSAI standartlarından 5410 (Dövlət borcunun daxili nəzarət mexanizmlərinin auditinin planlaşdırılması və keçirilməsi üzrə tövsiyələr), 5430 (Fiskal risklər: dövlət borcunun idarə edilməsininn fəsadları və AAQ-ların rolu) və 5440 (Dövlət borcunun auditinin aparılması üzrə tövsiyələr) tətbiq edərək dövlət borcunun auditi tədbirlərini daha təkmil səviyyəyə çatdırmağa çalışır.

Dövlət borcunun auditinin aparılması üzrə tövsiyələr standartı dövlət borcunun effektiv idarə edilməsinin aşağıdakı xüsusiyyətlərinin diqqətdə saxlanılmasını qeyd edir:

Fiskal və monetar siyasətlərin əlaqələndirilməsi – ölkədə makroiqtisadi stabilliyin təmin edilməsi üçün mühüm şərtdir. Bu şəraitdə valyuta kursu, inflyasiya, pul kütləsinin həcmi ilə xarici borcun həcmi və xarici borcun strukturu kimi göstəricilərin qarşılıqlı şəkildə əlaqələndirilməsi zəruridir.  

Belə ki, makroiqtisadi stabilliyin təmin edilməməsinin dünyada müşahidə etdiyimiz acı nəticələri göz qabağındadır.

Yumşaq monetar siyasətdən qaynaqlanan maliyyə və iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üçün dövlətlər məhz fiskal alətlərdən çevik istifadə etməyi qərara aldılar. Fiskal təşviqetmə metodlarının tətbiqi nəticəsində bir sıra ölkələrdə fiskal o cümlədən, borc dayanıqlılığının təmin olunmaması müşahidə edildi. 

Məlumatların mövcudluğu dövlət borcu və maliyyə aktivlərinin tərkibi – onların valyuta, ödəmə müddəti və faiz dərəcəsi strukturu ilə əlaqədar məlumatların davamlı olaraq təhlil edilməsi lazımdır. 

Dürüst informasiyanın olması həm dövlət maliyyəsi sahəsində qərar qəbul edən tərəflər, həm də investorlar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, borcun bir qismi qiymətli kağızlarda ifadə olunur.

Dövlət borcunun idarə edilməsi strategiyası – dövlət borcunun idarə edilməsinin vəzifələrini və tərkib risklərini nəzərə alan dövlət borcunun idarə edilməsi strategiyası olmalıdır.

Hesablama Palatası tərəfindən hər il dövlət büdcəsinin icrası və büdcə layihəsinə hazırlanan rəylərdə Dövlət Borcunun orta və uzun müddətli dövrə idarə edilməsi strategiyasının hazırlanmasının zəruriliyi vurğulanmışdır. Buna səbəb Palata tərəfindən davamlı olaraq aparılan audit tədbirlərində haqqında danışılan sənədə olan ehtiyacın aşkarlanmasıdır.

Bu sənəd orta və uzun müddətli dövrə borcun maliyyə resursu olaraq effektiv idarə edilməsi və cəmiyyətin ehtiyaclarına uyğun borclanma tədbirlərinin həyata keçirilməsinə xidmət etməlidir.

Eyni zamanda, borcun idarə edilməsi strategiyası orta müddətli büdcə planlaşdırılması ilə əlaqələndirilməlidir. Bu makroiqtisadi stabilliyin təmin edilməsi baxımından mühüm şərtdir.

Hesablama Palatası tərəfindən hər il hazırlanan rəylərdə fiskal dayanıqlılığın tərkib hissəsi olaraq borc dayanıqlılığı göstəricilərinin təhlili də öz əksini tapır.

Bu ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzə Strateji Yol Xəritəsi”ndə müəyyən edilən hədəflərinin icrasının təhlili məqsədi daşıyır.

Məhz bu səbəbdən borcun idarə edilmə strategiyası dövlət maliyyəsində institusional bazanın formalaşdırılmasına xidmət etməlidir. Strategiya özündə dövlət borcu və büdcə kəsiri ilə bağlı fiskal intizam institutlarını əks etdirməlidir.  

Hazırda ölkəmizdə qəbul edilən sənəddə eyni xarakterli institusional alətləri özündə ehtiva edir. İnstitusional inkişaf Hesablama Palatası tərəfindən aparılan audit fəaliyyəti zamanı tətbiqi zəruri hesab edilən məsələlərdəndir.

Dövlət borcu alətləri üçün səmərəli bazarın təşkili: Orta müddətdən uzun müddətli perspektivə xərcləri və riskləri minimum səviyyəyə endirmək üçün dövlət borcu üzrə menecerlər dövlət borcu alətləri üçün səmərəli bazarın inkişafına hədəflənməlidirlər.

Səmərəli maliyyə bazarlarının təşkil edilməsi qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı borc alətləri üçün geniş imkanlar yaradacaqdır. Nəticədə xüsusilə daxili borclanma alətləri üçün geniş bazar yaradılır. Bu da yuxarıda qeyd etdiyimiz kimi investorlar üçün də ciddi imkanlar açacaqdır.

Risklərin idarə olunması çərçivəsi dövlət borcu menecerlərinə dövlət borcu portfelində gözlənilən xərclər və risklər arasında müsbət və mənfi meyilləri müəyyənləşdirməyə və idarə etməyə imkan verməlidir.

Dövlət borcu menecerləri borc götürmək haqqında qərar qəbul edərkən şərti öhdəliklərin maliyyə vəziyyətinə təsir imkanlarını nəzərə almalıdır. Məhz şərti öhdəlik dünya ölkələrinin maliyyə sistemlərində daha ciddi risk amili yaradır və davamlı olaraq büdcə üzərində fiskal yükə çevrilir.

Hesablama Palatası tərəfindən bu problem istər audit, istərsə də analitik fəaliyyət zamanı daim diqqətdə saxlanılır.

Dövlət borcunun auditi zamanı risk mühitinin qiymətləndirməsində auditorlar (yoxlayıcılar) aşağıdakı faktorları nəzərə alır:

  • Dövlət borcunun idarə edilməsi ilə bağlı fəaliyyətləri tənzimləyən hüquqi struktur və dövlət borcunun idarə edilməsi ilə bağlı əməliyyatlar üçün məsuliyyət daşıyan dövlət tərəfindən təyin edilən səlahiyyətlər;
  • Dövlət borcunun idarə edilməsi ilə bağlı fəaliyyətlərə səmərəli nəzarətin təmin edilməsi üçün təşkilati struktur;
  • Dövlət borcu menecerlərinin və nəzarət üçün təyin edilmiş şəxslərin təcrübə və biliyi;
  • Audit olunan müəssisənin informasiya sistemlərinin və ya bu sistemlərə edilmiş dəyişikliklərin mürəkkəbliyi;
  • Dövlət borcunun idarə edilməsi portfelinin və ya dövlət borcu alətlərinin yeni növlərini tətbiq etmək üçün qərar qəbul edilməsinin mürəkkəbliyi.

Beləliklə, dövlət borcunun idarə edilməsi və onun auditi prosesi zamanı bir sıra amillər nəzərə alınmalı xüsusilə risk amilinə diqqət yetirilməsi zəruridir.

 

Dövlət borcunun auditi zamanı Hesablama Palatası dövlət borcunun həcmi, dövlət borcunun idarə edilməsi ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın tələblərinə riayət edilməsi, borca xidmət xərclərində yaranan volatillik (dəyişkənlik) və onun dövlət büdcəsinə və borcun səviyyəsinə təsirinin qiymətləndirilməsi, borc portfelində dəyişkən faiz dərəcəli borc yükünün dinamikası kimi məqamlara xüsusilə diqqət yetirir.

 

Qeyd edilməlidir ki, dövlət borcunun idarə edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən ilin sonunda Hesablama Palatası tərəfindən dövlət borcunu idarə edən orqanda müvafiq nəzarət tədbirləri həyata keçirilmişdir.

 

Qeyd olunan tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən dövlət borcunun idarə olunması, uçotu və hesabatı sahəsində təkmilləşmələrin aparılması, o cümlədən cari və gələcək borc yükü göstəricilərinin hesablanması və dövri olaraq təhlili, dövlət zəmanətilə cəlb edilmiş  və icraçı təşkilatlara ötürülmüş kreditlər üzrə nəzarət mexanizminin təkmilləşdirilməsi,  pul kütləsinin daha səmərəli cəlb edilməsi məqsədilə investor şəbəkəsinin genişləndirilməsi, rəqabət mühitinin formalaşması və faiz dərəcələrinin tənzimlənməsi və s. bu kimi müvafiq tədbirlərin həyat keçirilməsinə dair tövsiyyələr dövlət borcunu idarə edən orqana verilmişdir.

 

Maliyyə Nazirliyi ilə Hesablama Palatası arasında aparılan məsləhətləşmələrə əsasən dövlət borcunu idarə edən orqan tərəfindən Hesablama Palatasının təklif və tövsiyyələri nəzərə alınmaqla bir sıra tədirlər artıq həyata keçirildiyi, qalan tədbirlərin həyata keçirilməsi üzrə isə işlərin davam etdiyi bildirilmişdir.