Azərbaycan Respublikası və Rusiya Federasiyasının Hesablama Palataları arasında videokonfrans keçirilmişdir
Əlavə olunub: 2019-05-17

17 may 2019-cu il tarixində keçirilmiş videokonfransda Azərbaycan Respublikasının və Rusiya Federasiyasının kənar dövlət maliyyə nəzarəti orqanlarının əməkdaşları iştirak etmişdir. Konfrans makroiqtisadi göstəricilərin təhlili ilə bağlı hər iki ölkənin Hesablama Palatalarının təcrübəsi, həmçinin bu sahədə fəaliyyətin genişləndirilməsi məsələlərinə həsr edilmişdir.

 

Videokonfransı giriş sözü ilə Rusiya Federasiyası tərəfindən Strateji Audit Departamentinin direktoru Anton Kosyanenko, Azərbaycan Respublikası tərəfindən İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova açmışdır.

 

Videokonfransda Rusiya Federasiyası Hesablama Palatasının əməkdaşı A.Kosyanenko “Sosial-iqtisadi inkişafın proqnoz parametrlərinin əsaslılığının qiymətləndirilməsinin Rusiya təcrübəsi” və “Makroiqtisadi göstəricilərin əsaslılığının auditi üzrə metodiki təlimatın hazırlanması üçün əsas yanaşmalar” mövzularında təqdimat etmişdir.

 

İcmal-analitik şöbənin müdir müavini Zaur Vəliyev “Büdcə proqnozlaşdırılmasının makroiqtisadi əsasları və onun büdcə proseslərinə təsiri” mövzusunda təqdimatla çıxış etmiş, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən dövlət büdcəsinin layihəsi və icrasına dair hazırlanan rəylərdə əks etdirilən makroiqtisadi təhlillər barədə məlumat vermişdir.

 

Konfransın nəticəsi olaraq təcrübə mübadiləsinin davamlı surətdə həyata keçirilməsi, eyni zamanda digər ölkələrin Ali Audit Orqanlarının da müzakirələrə dəvət edilməsi qərara alınmışdır.