Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı toplantı keçirilib
Əlavə olunub: 2019-05-06

Cari ilin may ayının 6-da Azərbaycan Respublikası Hesablama Palatasında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş toplantı keçirildi.

 

Toplantını  giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov    Hesablama Palatasının yaradılmasının Ulu Öndər Heydər Əliyevin  adı ilə bağlı olduğunu qeyd edərək Azərbaycan  xalqı və dövləti  qarşısında  müstəsna  xidmətləri olan, iyirminci əsrin sayılıb-seçilən dövlət xadimləri arasında öz dühası ilə seçilən, yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu Öndər Heydər Əliyevin, özü aramızda olmasa da, əziz xatirəsinin   ehtiramla yad edildiyini bildirdi. 

 

Sonra müasir müstəqil Azərbaycanın  qurucusu olan unudulmaz liderin  həyat və siyasi dövlətçilik  fəaliyyətinə  həsr olunmuş videofilm nümayiş olundu.

Palatadakı tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının Səbail rayon  təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışdı, ömrünü xalqımızın, dövlətimizin   tərəqqisinə həsr edən Ulu Öndərin  Azərbaycana  rəhbərlik etdiyi bütün dövrlərdə  milli maraqları və  xalqın mənafeyini hər şeydən uca tutduğunu,  müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi,  xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla  çalışdığını qeyd etdi, Azərbaycanın müstəqilliyinin və inkişafının  yeni mərhələsinin təməlini  qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən  müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin  hər zaman sonsuz ehtiramla  xatırlandığını və xatırlanacağını  bildirdi.

 

Heydər Əliyevin müdrik siyasi uzaqgörənliklə Azərbaycanın müasir modelini müəyyən etdiyi,  modernləşdirdiyi, Ümummilli Liderin  ölkədə  həyatın bütün sahələrində silinməz izlər qoyduğu vurğulandı.

 

Toplantının sonunda Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin davam etdirildiyi qeyd olundu və Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya vəsiqələri təqdim edildi.