“Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” Tvinninq Layihəsinin Aralıq Məlumatlandırma Konfransı keçirilmişdir
Əlavə olunub: 2019-04-29

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvininq layihəsinin rəsmi Aralıq Məlumatlandırma Konfransı keçirilmişdir.

 

Layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə mühüm töhfə verməkdir. 

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihəyə 2017-ci ilin oktyabrın 1-də start verilmişdir və Benefisiar Ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə Üzv Dövlət qismində Slovakiyanın və Xorvatiyanın Ali audit qurumlarının (AAQ) ekspertlərinin dəstəyi ilə Polşanın Ali Audit Ofisi (NIK) tərəfindən həyata keçirilməkdədir. Layihə 2019-cu ilin dekabrına qədər davam edəcəkdir.

 

Konfransda açılış nitqi ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov çıxış etmiş, layihə üzrə Polşalı həmkarlarını, qonaqları və konfrans iştirakçılarını salamlamış, layihənin əhəmiyyəti və bu günə kimi görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat vermişdir.

 

Konfransda layihə üzrə tərəfdaşı olan Polşa Ali Audit Ofisinin Prezidenti cənab Krzysztof Kwiatkowski, Səfir, Aİ Nümayəndəliyinin Rəhbəri cənab Kęstutis Jankauskas, Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab  Marek Całka çıxış edərək layihənin icrası və görülmüş işlər, o cümlədən Polşa- Azərbaycan əlaqələri və münasibətləri barədə  bildirmişlər. Polşa Ali Audit Ofisinin Vitse-Prezidenti və layihənin rəhbəri olan cənab Wojciech Kutyła konfrans iştirakçılarına layihə haqqında təfsilatlı məlumat vermişdir.

 

Konfransda, həmçinin, Aİ-yə Üzv Ölkənin və Benefisiar Ölkənin tərəfdaş qurumlarının Layihə Rəhbərləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin  və xəbər agentliklərinin nümayəndələri də iştirak etmişlər.