Hesablama Palatasının əməkdaşları ECOSAI-ın seminarında iştirak etmişlər
Əlavə olunub: 2019-04-22

Türkiyə Respublikasının Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ali audit qurumlarının təmsil olunduğu ECOSAI təşkilatı tərəfindən “Etikanın auditinə giriş” mövzusunda keçirilmiş praktik seminarda Azərbaycan Respublikası Hesablama Palatasının İcmal-analitik şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə və Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin aparıcı məsləhətçisi Tural Cahangirli iştirak etmişlər. Seminarda təşkilata üzv olan və olmayan 13 ölkənin ali audit qurumunun 28 təmsilçisi iştirak etmişdir.

 

Seminarı Türkiyə Hesablama Məhkəməsinin və ECOSAI-ın sədri Seyid Ahmed Baş giriş sözü ilə açıq elan etmiş və tədbir haqqında qısa məlumat vermişdir.

 

Seminar Türkiyə Hesablama Məhkəməsinin təmsilçiləri və EUROSAI-ın “Audit və Etika” xüsusi qrupunun sədri Helena Abreu Lopez tərəfindən aparılmışdır. Tədbirin gedişatında etikanın auditi sahəsində əsas anlayışlar və təriflər, etika auditinin keçirilməsinin məqsədi, bu auditin qurulması (o cümlədən mövzuların seçilməsi, auditin forması, auditin predmeti, auditin meyarları, məlumat toplama metodları), auditin həyata keçirilməsi, audit hesabatının hazırlanması və ona tələblər mövzuları üzrə təlimlər keçirilmiş, hər bir mövzu üzrə praktik məsələlər qoyularaq müzakirələr aparılmış, təkmil təcrübə barədə nümunələr təqdim edilmişdir.

 

Praktik seminarın son günündə Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi seminarın mövzusu üzrə təqdimat edərək etikanın auditi ilə bağlı Hesablama Palatasının mandatı, dövlət sektorunda etik münasibətləri tənzimləyən mövcud normativ-hüquqi baza, tətbiq edilə bilən audit meyarları, nəzarət tədbirlərində etika məsələlərinə dair Hesablama Palatasının tövsiyələri barədə  məlumat vermişdir.

 

Yekunda praktik seminarın nəticələri barədə məlumat verilmiş, iştirakçıların tədbir haqqında rəyləri dinlənilmiş və “Etikanın auditinə giriş” mövzusu üzrə praktik seminarın sertifikatları iştirakçılara təqdim edilmişdir.