Hesablama Palatasının əməkdaşıları “İnformasiya texnologiyalarının auditi” mövzusunda beynəlxalq təlim proqramını tamamlamışdır
Əlavə olunub: 2019-04-10

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşıları ASOSAI təşkilatı tərəfindən təşkil edilmiş “İnformasiya texnologiyalarının auditi” mövzusunda və 2018-2019-cu illəri əhatə edən beynəlxalq təlim proqramını tamamlamışdır. Təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət idi. 2018-ci ilin fevral ayında başlayaraq 9 həftə davam etmiş nəzəri hissə məsafədən elektron təlim aləti vasitəsilə keçirilmişdir. Bu hissədə Asiya regionuna aid Ali Audit Qurumunun 70-dən artıq təmsilçisi iştirak etmişdir. Hər bir AAQ-ın heyəti 7 modul üzrə hazırlıqlardan keçmişdir. Bunlar aşağıdakılardır:

 

Modul 1 – Audit zamanı informasiya texnologiyalarının tətbiqi, daxili nəzarət sistemi və əlaqəli risklər ilə tanışlıq;

Modul 2 – İT auditi prosesi və audit planlaşdırması matrisi;

Modul 3 – İT idarəçiliyi;

Modul 4 – İT satınalması və hazırlanması;

Modul 5 – İT əməliyyatları, saxlanma və dəstək;

Modul 6 – “Big data” və məlumat təhlili ilə tanışlıq;

Modul 7 – Audit planının hazırlanması.

 

Hesablama Palatasının heyəti qeyd edilən modullar üzrə təlimi bitirmiş və təşkilatçılar tərəfindən aparılmış qiymətləndirmə əsasında növbəti mərhələyə keçməyə müvəffəq olmuşdur. Təlim proqramının növbəti mərhələsi olaraq pilot İT auditinin aparılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar heyət üzvləri tərəfindən risk qiymətləndirilməsi əsasında audit olunmalı qurum və orada istifadə edilən informasiya sistemi seçilmişdir. Daha sonra, müvafiq audit planı hazırlanmış və onun xarici həmkarlarla müzakirəsi üçün Hesablama Palatasının heyəti 2-6 iyul 2018-ci il tarixlərində Türkiyə Hesablama Məhkəməsinin ev sahibiliyi ilə Ankara şəhərində keçirilmiş görüşdə iştirak etmişdir. Görüş zamanı hər bir audit planı həmkar təşkilat təmsilçisi tərəfindən nəzərdən keçirilmiş və yekun planlar üzrə pilot auditlərin aparılması qərara alınmışdır.

 

Təlim proqramının sonuncu mərhələsində keçirilmiş pilot auditlərin nəticələrinin müzakirəsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 1-5 aprel 2019-cu il tarixlərində Taylandın Banqkok şəhərində hər bir ölkənin AAQ-nın audit heyətlərinin rəhbərlərinin regional görüşü keçirilmişdir. Taylandın Dövlət Auditi Ofisinin ev sahibliyi ilə keçirilmiş görüşdə 25-ə yaxın ölkə təmsil olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatasının təmsilçisi daxil olmaqla bütün iştirakçılar keçirilmiş auditlər və onların nəticələri barədə məlumat vermişdir. Görüşdə informasiya texnologiyalarının auditinin keçirilməsi zamanı rast gəlinən çətinliklər və onlarla bağlı çıxış yolları müzakirə edilmişdir. Bundan əlavə, müasir dövrdə audit fəaliyyəti çərçivəsində məlumatların təhlili texnikaları, iri həcmli məlumatlardan (“Big Data”) istifadə üsulları, məlumatların təhlilində vizuallaşma və s. məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılmışdır.

 

 

 

ASOSAI təşkilatının Potensialın Artırılması Proqramının dəstəyi ilə keçirilmiş təlim proqramının yekununda iştirakçılar “İT auditi” üzrə beynəlxalq sertifikatlar ilə təltif olunmuşdur. Qeyd edilməlidir ki, təlim proqramı ilk dəfə olaraq təsvir edilmiş formatda keçirilmişdir və bu təşəbbüsün uğurlu nəticəsini nəzərə alaraq ASOSAI-ın İdarə Heyəti tərəfindən ikinci təlim proqramına start verilməsi qərara alınmışdır. Yeni proqramın “Dayanıqlı inkişaf məqsədlərinin auditi” mövzusunu əhatə edəcəyi gözlənilir.