Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair Hesabatla bağlı çıxışı
Əlavə olunub: 2019-04-09

Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri!

Hörmətli iclas iştirakçıları!

 

2018-ci il Azərbaycan Respublikası üçün əlamətdar illərdən olmuşdur. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın etimadını bir daha qazanaraq prezident seçkilərində parlaq qələbə çaldığı, Şərqdə ilk respublikanın yaranmasının 100 illik yubileyinin, Ordunun və Parlamentin 1 əsrlik yaşının qeyd edildiyi il olmuşdur.

 

2018-ci ildə Hesablama Palatasının da tarixində mühüm hadisə baş vermiş, müasir çağırışlara cavab vermə imkanı yaradan yeni Qanun qəbul edilmişdir. Bu Qanunun qəbulu vəzifələrimizi, səlahiyyətlərimizi genişləndirmək və dəqiqləşdirməklə dövlət vəsaitlərinin icrasına nəzarət sahəsində yeni yanaşmaların tətbiqi üçün hüquqi bazanı formalaşdırmış və bərabər olaraq məsuliyyətimizi də dəfələrlə artırmışdır. Həmçinin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dövlət büdcəsinin vəsaitlərinin icrası ilə bağlı təqdim edilən hesabatların sayının artırılması  və dövrülüyünün müəyyən edilməsi məqsədini güdən iki Qayda da qəbul edilmişdir.

 

2018-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən fəaliyyətin hər bir istiqaməti üzrə qanunvericiliyin tələbinə uyğun olaraq tərəfimizdən Hesabat tərtib edilmiş və hörmətli millət vəkillərinə təqdim olunmuşdur.

 

Bu Hesabatda 2018-ci ildə Hesablama Palatasının əsas fəaliyyət göstəricilərinə dair mühüm informasiyalar, o cümlədən nəzarət fəaliyyətinin nəticələri və bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər, beynəlxalq audit standartlarına keçidin təmin edilməsi məqsədi ilə hazırlanmış metodoloji təlimatlar, hökumət və hüquq-mühafizə orqanları ilə şəffaflığın və hesabatlığın təmin edilməsi barədə əməkdaşlıq, kadrların inkişafı üzrə və beynəlxalq fəaliyyətlər barədə məlumatlar yer almışdır.

 

Çıxışıma ilk olaraq 2018-ci ildə həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə dairəsi barədə məlumatlarla  başlamaq istərdim.

 

İlk olaraq qeyd edim ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət tədbirinin, o cümlədən 53 auditin və 5 təhlilin nəticələrinə dair Kollegiya Qərarları qəbul edilmiş, 1 tədbir növbəti ilə keçirilmiş və 1 tədbirin nəticələri Hesabat dövrünədək yekunlaşdırlmamışdır.

 

Başa çatdırılmış 53 auditdən 3-ü “Dövlət sirri haqqında” Qanunun tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarında məxfi qaydada aparılmış, 5 tədbirlə isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti əhatə olunmuşdur.   

 

Audit tədbirləri ilə ümumilikdə 9,2 mlrd. manat vəsait əhatə olunmuşdur ki, bunun 66,5%-ni dövlət büdcəsinin xərcləri təşkil etmişdir. Ümumilikdə hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8% az olmuşdur.  Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 mlrd. manat məbləğinin təqribən tən yarısı 2017-ci, 21,1%-i isə 2018-ci il üzrə xərclər, qalan 28,2%-i isə 2016-cı ilədək icra edilmiş vəsaitlər təşkil etmişdir.

 

Aparılmış audit tədbirlərində dövlət büdcəsi xərclərinin funskional təsnifatının bölmələrinin əhatəliliyinin, həmçinin mərkəzləşdirilmiş və yerli xərclərin, büdcədənkənar dövlət fondlarının büdcələrinin xərclərinin, büdcədənkənar fəaliyyətdən əldə olunan gəlirlər üzrə xərclərin əhatəliliyinin də təmin  edilməsinə çalışmışıq.

 

2018-ci ildə Hesablama Palatası ilk dəfə olaraq Dövlət Neft Fondunun büdcəsinin icrasına dair rəy hazırlamış, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə müəyyən edildiyi qaydada Fondun Müşahidə Şurasına təqdim edilmişdir.

 

2017-ci ilin  dövlət büdcəsinin icra dair Rəylə yanaşı,  inzibati təsnifat üzrə ayrı-ayrı qurumların (109) dövlət vəsaitinin icrasına dair  daha ətraflı məlumatları özündə əks etdirən əlavə Hesabat tərtib edilmiş və rəsmi internet səhisində yerləşdirilmişdir. Dövlət büdcəsindən maliyyələşən  və xüsusi maliyyə yükünə malik olan 10  təşkilatın maliyyə hesabatı ətraflı təhlil olunmuş və həmin təhlillərlə müəyyən edilmiş iradların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün həmin qurumlara göndərilmişdir.

 

Maliyyə inzibatçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsiredici meyllərin müəyyən olunması məqsədilə hesabat ilində başa çatdırlmış 53 audit ilə aşkarlanmış nöqsanlar  təhlil edilmişdir. Hörmətli millət vəkillərinə məlum olduğu kimi, son illərdə tərəfimizdən normativ-hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təşnifləşdirilir.

 

Diqqətinizə çatdırım ki, 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilmişdir. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6% çoxdur. Lakin 2017-ci ildə auditlərin sayının hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2% az olduğunu nəzərə alsaq, bir tədbirlə müəyyən edilmiş nöqsanların orta sayının azalma meylli olduğunu deyə bilərik. Bu, maliyyə idarəetmə strukturunda aparılmış siyasətin, maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində atılan addımların, dövlət vəsaitlərin istifadəsi sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə aktiv fəaliyyətin ilk nəticələridir.

 

Müşahidə edilən meyllərdən biri də maliyyə və prosedur xarakterli pozuntular arasındakı nisbətin dəyişməsidir. Belə ki, prosedur pozuntularının  maliyyə xarakterli pozuntulara nisbətən üstünlük təşkil etməsi qeyd edilməli müsbət meyllərdəndir.

 

Nəticələr üzrə aparılmış təhlillər göstərir ki, auditlə aşkar edilmiş nöqsanların orta göstəricində kiçik də olsa azalma müşahidə olunsa da, ümumilikdə bu nöqsanlar arasında xüsusi çəkisi böyük olan istiqamətlər son illərdə dəyişməz qalmışdır. Belə ki, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsi sahəsində, dövlət satınalmalarının keçirilməsində, həmçinin mühasibat uçotunun təşkili və hesabatlılığın təmin olunmasında müəyyən edilmiş nöqsanlara 2018-ci ildə də nisbətən daha çox rast gəlinmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI- tərəfindən qəbul edilmiş Auditin Təməl Prinsipləri barədə Lima Bəyənnaməsi fərdi hallarda təshihedici tədbirlərin həyata keçirilməsini, müvafiq işçilərin öz məsuliyyətini dərk etməsini, qanun pozuntularının aradan qaldırılmasını və ən azı məhdudlaşdırılmasını təmin etməyi dövlət auditi həyata keçirilən qurumlar qarşısında bir məqsəd olaraq təsbit  etmişdir. Bu baxımdan da, Hesablama Palatasının qəbul etdiyi Kollegiya Qərarlarında nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də əks olunur. Şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin edilməsi, həmçinin hörmətli millət vəkillərinə nəzarət obyektləri tərəfindən yol verilmiş nöqsanlar və bu qurumlar tərəfindən görülmüş tədbirlər arasında əlaqə barədə məlumatın verilməsi məqsədilə məlumatlar Hesabata ayrı-ayrı qurumlar üzrə  daxil edilmişdir.

 

Diqqətinizə çatdırmaq istərdim ki, Hesablama Palatası tərəfindən 2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq yalnız manat ifadəsində dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 mln. manatın bərpası təmin edilmişdir. Bununla yanaşı, 5,5 mln.manat dəyərində malların alınması və işlərin görülməsi natural qaydada bərpa olunmuş və 922,5 min manat vergi məbləğinin dövlət müəssisəsinin dövlət büdcəsinə artıqödəmələri hesabına əvəzləşdirilməsi təmin edilmişdir.

 

Qeyd edim ki, əldə olunan nəticələrin müəyyən hissəsi dövlət vəsaitlərinin gələcək illərdə səmərəli və qənaətli istifadəsinə xidmət edəcək. Belə ki, artıq saxlanılmış ştatların ləğv edilməsi,  artıq maliyyələşmə məbləğlərinin, həmçinin müqavilə məbləğlərinin azaldılması, lüzumsuz debitor borcların ləğv edilməsi bu istiqamətdə növbəti illərdə artıq xərclərin baş verməsinin qarşısını almışdır.

 

Hesabat ili üzrə müşahidə edilən digər bir müsbət meyl Kollegiya Qərarlarının icra səviyyəsi ilə bağlıdır. Qeyd edim ki, kənar dövlət maliyyə nəzarəti obyektləri arasında aparılmış maarifləndirmə, normativ-hüquqi aktların daha da təkmilləşdirilməsi və inzibati məsuliyyətin nəzərdə tutulması Qərarlarla müəyyən olunmuş tədbirlərin nəzarət obyektləri tərəfindən icra səviyyəsinin də yüksəlməsinə gətirib çıxarmışdır.

 

Hörmətli millət vəkilləri!

 

Auditin Təməl Prisnipləri barədə Lima Bəyənnaməsi auditi tənzimləyici sistemin tərkib elementi kimi müəyyən etməklə maliyyə inzibatçılığının qanunilik, səmərəlilik, təsirlilik və qənaətlilik prinsiplərinin pozulmasını və qəbul edilmiş standartlardan kənarlaşmaları qabaqcadan aşkar edilməsini kənar dövlət maliyyə nəzarəti orqanları qarşısında bir məqsəd olaraq qoymuşdur.

 

Məhz nöqsanların qabaqcadan müəyyən edilməsi Ali Audit Qurumları qarşısında vəsaitlərin proqnozlaşdırılması, icrası sahəsində normativ-hüquqi aktlarda aşkar olunmuş boşluqlar, təkrarçılıq və çatışmazlıqlar, həmçinin büdcə vəsaitlərinin daha qənaətli və səmərli istifadəsinə xidmət edən təkliflərin hazırlamasını nəzərdə tutur.

 

Hesablama Palatası hesabat ilində bu sahədə bir neçə istiqamət üzrə addımlar atmışdır. Belə ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına dair hazırlanmış rəylərdə 111 tövsiyə əks etdirmişdir. Həmçinin 2018-ci ildə nəzarət tədbirlərinin nəticəsi olaraq formalaşmış 6 təklif Nazirlər Kabinetinə təqdim olunmuşdur.

 

Hesabat ilində Nazirlər Kabinetinə əvvəlki illərdə təqdim edilmiş təkliflər əsasında aktuallığını qoruyan və xüsusi əhəmiyyət kəsb edən 21 təklif yenidən Nazirlər Kabinetinə təqdim edilmişdir. Qeyd edim ki, həmin təkliflərin 67,0%-i qəbul edilərək müvafiq dəyişikliklər həyata keçirilmiş və ya normativ-hüquqi aktların layihələri hazırlanmışdır.

 

Qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı fəaliyyətimiz, eyni zamanda, korrupsiya əleyhinə mübarizə istifqamətində bir fəaliyyətdir və bu fəaliyyət beynəlxalq təcrübədə dövlət auditini həyata keçirən qurumların əsas vəzifələrindən hesab edilir.

 

Hesabat ilində korrupsiya əleyhinə mübarizə istiqamətində müvafiq qrurumlarla sıx əməkdaşlıq davam etdirilmişdir. 2018-ci ildə aparılmış nəzarət tədbirlərindən 9-u üzrə müvafiq məlumatlar aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilmişdir. Qeyd edim ki, həmin tədbirlərdən 4-ü inzibati xəta xarakterli, 5-i isə cinayət xarakterli olmuşdur.

 

Hörmətli millət vəkilləri!

 

Hesabat ilində Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti orqanları qarşında qoyulan əsas tələblərdən biri – fəaliyyəti ilə bağlı hesabat vermə tələbinin icrası istiqamətində tədbirlər də həyata keçirmişdir.

 

İctimaiyyətin məlumatlandırılması məqsədilə Hesablama Palatasının rəsmi internet səhifəsində fəaliyyətin hər bir istiqaməti üzrə məlumatlar daima yenilənmiş, 23 audit tədbiri haqqında  məlumatlar səhifəmizdə əks olunmuşdur.

 

Nəzarət fəaliyyətini əhatə edən tədbirlər üzrə hesabatların, əməkdaşlarımızın dövlət auditi sahəsində apardığı təhlillərin əks etdirildiyi “Dövlət auditi” bülletenin 4 nömrəsi çapdan çıxmış və 16 nəzarət tədbiri barədə geniş Auditor Hesabatı dərc edilmişdir.

 

2018-ci ildə vətəndaş müraciətləri 2017-ci illə müqayisədə çox olmuşdur. Müraciətlərin 69,1%-i Hesablama Palatasının nəzarət fəaliyyəti ilə bağlı təkliflərdən ibarət olmuşdur ki, bu da fəaliyyətimizə vətəndaş marağının bir ifadəsidir.

 

Hesabat ilində vətəndaşların müraciət etdiyi 3 məsələ nəzarət tədbiri zamanı vətəndaşın iştirakı ilə araşdırılmış və müvafiq addımlar atılmışdır.

 

Nəzarət fəaliyyətinin beynəxalq standartlara uyğun təşkil edilməsi kadr potensialının gücləndirilməsini tələb edir. Bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirilmiş, 2 xarici dövlət Ali Audit Qurumu ilə ikitərəfli əməkdaşlıq barədə sazış imzalanmış, Hesablama Palatasının əməkdaşlarının INTOSAI və onun işçi qrupları üzrə 4 beynəlxalq tədbirdə, EUROSAI, ASOSAI-ın isə ümumilikdə 3 tədbirində iştirakı təmin edilmişdir.  Bundan əlavə 6 tədbirdə iştrakımız MDB-yə üzv olan dövlətlərin AAQ-larında və ECOSAI çərçivəsində baş tutmuşdur.

 

Hesabat ili 2018-2020-ci illər əhatə edən Strateji İnkişaf Planının ilk icra ili olmuşdur. 5 məqsədi, 32 alt məqsədi özündə birləşdirən bu Planda tədbirlər müasir dövrün çağırışlarına uyğun şəkildə müəyyən edilmişdir. Buraya audit funksiyasının gücləndirilməsi, o cümlədən İT auditinin təbiqi, beynəlxalq standartların öyrənilməsi, kadr potensialının gücləndirilməsi, hazırlanan rəylərin məzmun və keyfiyyət baxımından təkmilləşdirilməsi və s. bu kimi tədbirlər aid edilmişdir. Hesabat ilində hər bir istiqamət üzrə müxtəlif və çoxsaylı tədbirlər həyata keçirilmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Hesablama Palatası fəaliyyətini tənzimləyən yeni qanunun qəbul edilməsi ilə inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. 2019-cu ildə dövlət vəsaitlərinin səmərəli və nəticəli istifadəsinin təmin edilməsi, maliyyə inzibatçılığının gücləndirilməsi, hesabatlılığın möhkəmləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiq olunmasına və adekvat nəzarət mexanizmlərinin qurulmasına çalışacayıq. Məqsədimiz Azərbaycan Respublikasının iqtisadi gücünün daha da artırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi kursun təmin edilməsində iştirak payımızı genişləndirmək və cənab Prezidentin bizə olan etimadını doğrultmaqdır.  2019-cu ilin İş Planı da yeni Qanunun verdiyi səlahiyyətlər çərçivəsində məhz həmin məqsədlərin icra edilməsinə yönəldilmiş tədbirləri əhatə edir.

 

Hörmətli millət vəkilləri!

 

2018-ci ildə fəaliyyətlə bağlı Hesabatın Hesablama Palatasının Kollegiyası tərəfindən təsdiq edildiyini və sizlərə müvafiq qaydada təqdim edildiyini diqqətinizə çatdırmaqla Hesabatın nəzərə alınmasını xahiş edirəm.