Hesablama Palatasının nümayəndə heyəti III EUROSAI-ASOSAI Birgə Konfransında iştirak etmişdir
Əlavə olunub: 2019-03-15

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və Dövlət investisiyalarının auditi şöbəsinin müdir müavini Elvin Hacıyev İsrail Respublikasının Qüds şəhərində “Fövqəladə hallar və yaranan problemlər” mövzusunda keçirilən III EUROSAI-ASOSAI Birgə Konfransında (EIES-2019) iştirak etmişlər. Konfrans Van Leer İnstitutunda keçilmiş, Konfransda 44 ölkə və müxtəlif təşkilatlardan 125-dən çox numayəndə təmsil olunmuşdur.

 

Konfransda iki əsas mövzu müzakirə edilmişdir. “Fövqəladə hallar” mövzusu təbii fəlakətlərə hazırlıq, fəlakətin idarə edilməsi, terror hücumları ilə mübarizə, kiber təhlükəsizliyə qarşı təhdidlər və bir çox başqa məsələləri, “Yaranan problemlər” mövzusu isə miqrasiya və qaçqın problemlərinin həlli, yaşlı əhali, pensiyalar, BMT-nin dayanıqlı inkişaf məqsədləri, rəqəmsallaşma, blokçeyn, böyük məlumat bazası və digər bu kimi sahələri əhatə etmişdir.

 

Plenar sessiyanın açılışında İsrail Ali Audir Qurumunun Dövlət Müfəttişi və Ombudsmanı hakim Yosef Şapira tədbir iştirakçılarını salamlayaraq Konfransın əhəmiyyətini qeyd etmiş, açılış nitqi EUROSAI-ın 1-ci Vitse Prezidenti-Çexiya Respublikasının AAQ-ının Prezidenti cənab Miloslav Kalanın və ASOSAI-ın Sədri-Vyetnam AAQ-nın Baş Auditorunun müavini cənab Doan Xuan Tienin çıxışları ilə davam etmişdir. Həmçinin, nümayəndə heyəti “Fövqəladə hallarda real vaxt auditi - ikiqat çağırış”, “İşçi qüvvəsi 2030 - Sizin ölkə hazırdırmı?” və “Kiber fövqəladə hallara hazırlıq” mövzuları üzrə işçi sessiyalarda iştirak etmişdir.

 

Bununla yanaşı, Konfrans “Qlobal texnologiya ilə idarə edilən iqtisadiyyatda çağırışlar”, “Kiber təcili vəziyyətə hazırlıq”, “Yaranan problemlərin həlli-innovasiyaların təşviq edilməsi üçün Hökumətin təşəbbüsləri”, “21-ci əsrin əsas cərəyanları” və işçi sessiyalarda müxtəlif digər mövzular üzrə təqdimatlarla davam etmişdir.