Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov Gürcüstan Dövlət Audit Ofisinin Baş Auditoru Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Əlavə olunub: 2019-02-22

 2019-cu il  fevral ayının 22-də GIZ-in  “Dayanıqlı inkişaf üzrə 2030 gündəliyi çərçivəsində qoyulmuş məqsədlərə nail olunmasının  monitorinqi məqsədi ilə Şərq tərəfdaşlığı ölkələrinin AAQ-nın potensialının gücləndirilməsi” layihəsinin dəstəyi ilə Gürcüstan Dövlət Audit Ofisinin Baş Auditoru  Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

 

Səfər zamanı GİZ-in  Azərbaycan və Gürcüstan nümayəndəliyinin məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda  Gürcüstan Dövlət Audit Ofisinin Baş Auditoru Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanlı həmkarları ilə “Gürcüstan AAQ-nın Strateji İnkişaf Planı”, “Gürcüstan AAQ-ın büdcənin icrası ilə bağlı hesabatı”,“Gürcüstan AAQ-ın illik fəaliyyət hesabatı”, “Gürcüstan AAQ-da IT Auditi və Auditin İdarəedilməsi Proqramı”,  “Gürcüstan AAQ-nın Səmərəlilik Auditi Metodologiyası və təcrübəsi”, eləcə də “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti”, “Azərbaycan Respublikası HP-nın mandatı: Yeni qanun” mövzularında  məruzələri və təqdimatları dinlənilmiş, tərəflər arasında müzakirələr  və təcrübə mübadiləsi aparılmışdır.

 

 

Tədbirin sonunda 2003-cü ildə Gürcüstan Dövlət Audit Ofisi və Azərbaycan Respublikasının Hesablama Palatası arasında Əməkdaşlıq çərçivəsində imzalanmış Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilmişdir.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Hesablama Palatası 10-dan çox ölkənin Ali Audit Qurumu ilə əməkdaşlıq haqqında Saziş və Memorandum imzalamışdır.