Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunda səfərdə olmuşdur
Əlavə olunub: 2019-02-13

12-13 fevral 2019-cu il tarixində Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunun Prezidentinin vəzifəsini  icra edən cənab Adel Al-Saravinin dəvəti ilə Küveytə səfər etmişdir. Səfər Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Auditi Bürosu arasında əməkdaşlığın hər iki Ali Audit Qurumu üçün aktual sahələr üzrə daha da genişləndirilməsi  məqsədini daşımışdır.

 

Küveyt Dövlət Auditi Bürosunun inzibati binasında keçirilən görüş Hesablama Palatasının nümayəndə heyətini qəbul edən tərəf adından cənab Adel Al-Saravinin salamlama nitqi və iştirak edən nümayəndələrin təqdim olunması ilə başlamışdır. Küveyt tərəfi Büronun ali idarəetmə heyətinin üzvləri və görüş üçün müəyyən edilmiş müzakirə mövzuları üzrə məsul rəhbər şəxslərlə təmsil olunmuşdur. 

Müzakirələrin əvvəlində cənab Adel Al-Saravi Hesablama Palatası və DAB arasında mövcud münasibətlər, DAB-ın Azərbaycan AAQ-ı tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə iştirakı haqqında ümumi məlumatı vermiş və cari görüşün hər iki qurumun potensialının artırılması istiqamətində verəcəyi töhfəyə əmin olduğunu bildirmişdir. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Gülməmmədov Küveyt həmkarlarının dəvəti üçün minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasının dövlət maliyyə idarəetmə sistemi, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin formalaşma tarixçəsi və Azərbaycan AAQ-ı qarşısında duran hədəf və çağırışları diqqətə çatdırmışdır.

 

Təsdiq edilmiş proqrama əsasən görüş hər iki tərəfin təqdimatları formatında olması nəzərdə tutulmuşdur. Küveyt AAQ-nın təmsilçiləri auditin idarə edilməsinin elektron sistemi,  illik təlim planı, 2018-ci il üzrə Vətəndaş hesabatı, dövlət vəsaitlərinin qorunmasında Küveyt AAQ-nın heyəti tərəfindən bilik mübadiləsinin paylaşımında rolu və auditlərdə informasiya texnologiyalarının rolu mövzularında çıxış etmişlər. Çıxışları müşaiyyət edən intensiv müzakirələr zamanı Hesablama Palatasının nümayəndə heyətinin rəhbəri və nümayəndələri qeyd edilən sahələr üzrə analoji təcrübələrin mövcudluğu, həmçinin, bununla əlaqəli görülmüş işlər barədə qarşı tərəfi məlumatlandırmışlar.

 

Görüşün növbəti hissəsində Hesablama Palatasının nümayəndə heyəti Palatanın fəaliyyəti, həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsi və həyata keçirilən tvinninq layihəsinə dair təqdimatlar ilə çıxış etmişlər. Azərbaycan AAQ-ının dövlət büdcəsinin layihəsinə dair verdiyi Rəy və onun hazırlanması metodologiyası Küveyt tərəfinin xüsusi marağına səbəb olmuşdur. Görüşdə iştirak edən Küveyt DAB-ının rəhbərliyi sözügedən sahə üzrə Azərbaycan təcrübəsinin tətbiq etmək niyyətini və bununla əlaqədar əlavə müzakirə və görüşlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

 

Daha sonra Vüqar Gülməmmədov Küveyt DAB-ının qonaq kitabında xatirə qeydlərini etmiş və bu qurumun inzibati binası ilə tanışlıq ekskursiyasında iştirak etmişdir. Hesablama Palatasının nümayəndə heyətini Büronun informasiya mərkəzi, onun fəaliyyəti və texniki bazası ilə tanış etmişlər.


 

Səfərin ilk gününün sonunda Azərbaycan AAQ-nın nümayəndə heyətini Küveytin Milli Asambleyasının (Parlamentinin) spikeri cənab  Marzuq Ali Al-Qanim qəbul etmişdir. Görüş zamanı cənab  Marzuq Al-Qanim Azərbaycan və Küveyt arasında ölkə və qurumlar səviyyəsində dostluq münasibətlərinin cari vəziyyəti və onların daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirləri ilə bölüşmüşdür. 

 

Vüqar Gülməmmədov Milli Asambleyanın spikerini rəhbərlik etdiyi qurumda baş tutmuş görüş üçün təşəkkürünü bildirmiş və iki ölkənin AAQ-ı arasında münasibətlərin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermişdir.

 

Proqramın ikinci günü Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2020-2023-cü illər əhatə edən dövrdə əməkdaşlıq çərçivəsini müəyyən edəcək İş planının müzakirəsi ilə başlamışdır. İş planına illik bölgü əsasında ekoloji audit, dövlət borcunun auditi, dövlət satınalmalarının auditi və informasiya texnologiyalarının auditi kimi mövzuları əhatə edən silsilə tədbirlər daxil edilmişdir.

 

13 fevral 2019-cu il tarixində ikigünlük səfərin yekunu olaraq Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2006-cı ildə bağlanılmış əməkdaşlığa dair ikitərəfli sazişin yenilənərək imzalanması keçirilmişdir.