Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentində həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2019-01-21

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən  hazırlanmışdır.

 

 

    Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə dövlət büdcəsindən ayrılan xərclərin və “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun daxilolmalarının və xərclərinin icrasına dair auditinin nəticələri üzrə Auditor hesabatını müzakirə edərək təsdiq etmişdir.

 

    Audit Ətraf Mühitin Mühafizəsi Departamentində və seçmə qaydada tabeli idarələrində, Fondun vəsaitinin xərclənməsi üzrə Nazirliyin aparatında həyata keçirilmiş və ümumilikdə 17082,6 min manat məbləğində vəsaiti əhatə etmişdir.

 

   Fondun gəlir və xərclər smetası tərtib edilərkən mədaxil mənbələri ayrı-ayrılıqda proqnozlaşdırılmamış, əvvəlki illərdən istifadə olunmamış qalıq vəsaitlər gəlir və xərclər smetasının gəlirlər hissəsində öz əksini tapmamış, müvafiq qanunvericilikdə müəssisələr (istehsalatlar) tərəfindən təbii ehtiyatlardan istifadənin və ətraf mühitə təsir edən tullantıların həcmini özündə əks etdirən hesabatların tam alınması təmin olunmamış, respublika ərazisində fəaliyyət göstərən müəssisələrin yalnız müəyyən hissəsinə təbii ehtiyatlardan istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə bildiriş göndərilmiş, eləcə də 2017-ci ildə Bakı şəhərində yalnız sənaye sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin sayı Bakı şəhəri ərazisində bütün sahələrdə fəaliyyət göstərən bildiriş göndərilmiş müəssisələrin sayından çox olmuş və ətraf mühiti əhəmiyyətli dərəcədə çirkləndirmə ehtimallı müəssisələrin yalnız bir qismi tərəfindən hesabat verilmişdir.

 

   Mövcud resursların Fonda toplanılmasında təbii sərvətlərdən istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə subyektlərin (ödəyicilərin) məlumat sistemi (bazası) formalaşdırılmamış, eləcə də müəssisələr (istehsalatlar) üzrə texnoloji proseslərə uyğun ekoloji normaların yol verilə bilən həddini özündə əks etdirən ekoloji pasportların alınmasına və ekoloji pasportlarda göstərilən yol verilə bilən həddə riayət olunmasına tam nəzarət edilməmiş, bu sahədə Nazirliyin müxtəlif idarələri üzrə fəaliyyət tam koordinasiya olunmuş formada təşkil edilməmiş, ödənişi gecikdirilən haqq və ödəmələrə cərimələr hesablanmamış və həmin ödəmələri verməli olan subyektlərdən ödənişi gecikdirilmiş məbləğlərin alınması üzrə zəruri tədbirlər görülməmiş, ətraf mühitin mühafizəsi sahəsində nəzarətin həyata keçirilməsi üçün yaşıllıqların kadastrı və uçotu üzrə məlumat sistemi mövcud olmamış, bu sahədə müvafiq qurumlarla əlaqəli fəaliyyət formalaşdırılmamışdır.

 

    Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması üzrə cərimələr tətbiq edilərkən faktiki vəziyyət bir sıra hallarda tam araşdırılmadan protokollar tərtib edilərək qərarlar çıxarılsa da, cərimələr düzgün tətbiq olunmamış, bəzi hallarda cərimə məbləğinin azaldılması üçün cərimə hüquqi şəxsin əvəzinə fiziki şəxsə tətbiq edilmiş, 8 halda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə fiziki şəxs kimi cərimə hesablanmış, bəzi hallarda ekoloji ekspertiza rəyi almadan yaşıllıq ərazisi kimi nəzərdə tutulmuş torpaq sahəsində avtomobillərə texniki xidmət və ticarət binasının tikintisi işlərinin aparılması faktına görə fiziki şəxsə cərimə az tətbiq edilmişdir.

 

    Fondun daxilolmalarına görə borcların subyektlər (ödəyicilər) üzrə adlı siyahısının uçotu aparılmamış və müvafiq hesabatlarda əks etdirilməmiş, borclu fiziki və hüquqi şəxslərlə hesabat dövrlərinin sonuna borcları təsdiq edən üzləşmə aparılmamış və borcların tam alınması (yığılması) təmin olunmayaraq artmışdır.

 

   Departament üzrə konsolidə olunmuş maliyyə hesabatları tərtib olunmamış, Fonda daxilolmalar üzrə 01.01.2018-ci il tarixə hesabatlarda əks olunmuş borc təsnifləşdirilməmiş, Fondun xərcləri üzrə maliyyə hesabatları ilə büdcə hesabatları arasında uyğunsuzluq mövcud olmuşdur.

 

    Hesablama Palatasının Kollegiyası qərar qəbul edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentində və Fondun vəsaitlərinin xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələr (istehsalatlar) tərəfindən texnoloji proseslərə uyğun fəaliyyət üzrə ekoloji normaları özündə əks etdirən ekoloji pasportların tərtibinin və Departament tərəfindən təsdiqinin , ekoloji pasportlarda göstərilən ətraf mühitə təsirə dair ekoloji normaların yol verilə bilən həddinə riayət olunmasının, ətraf mühitə təsirə dair uçotun tam aparılmasının, təbii ehtiyatlardan istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə subyektlərin (ödəyicilərin) əhatə dairəsinin dəqiq müəyyən olunmasının və müvafiq ödəmələrin hesablanılaraq tam məbləğdə “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na köçürülməsi üçün zəruri tədbirlərin görülməsinin ciddi nəzarətdə saxlanılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş təbii ehtiyatlardan istifadəyə görə haqqın məbləğinin, ödəmə tətbiq edilən çirkləndirici maddələrin siyahısının və ödəmə normativlərinin məbləğinin təkmilləşdirilməsinin məqsədəuyğunluğuna baxılması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın və qərarla təsdiq edilmiş Auditor hesabatının surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmişdir.

 

    Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.