Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov Tvinninq layihəsinin icrası çərçivəsində layihənin 4-cü Komponenti üzrə missiya nümayəndələrini qəbul etmişdir.
Əlavə olunub: 2019-01-18

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində 18 yanvar 2019-cu il tarixində layihənin 4-cü Komponenti üzrə missiyasını qəbul etmişdir. Görüşdə Hesablama Palatasının Sədr müavini Adil Məhərrəmov, Layihə rəhbəri və Polşa Ali Audit Ofisinin Vitse-Prezidenti cənab Wojciech Kutyla və 4-cü Komponent rəhbəri Yaçek Jezierski və missiyanın digər üzvləri də iştirak etmişdir.

 

Tvinninq layihəsi üzrə üzv Layihə Rəhbəri eyni zamanda 1-ci Komponent rəhbəri cənab Wojciech Kutyla layihə çərçivəsində bu günə kimi görülmüş işlər barəsində məlumat vermiş və 4-cü Komponent çərçivəsində keçirilmiş tədbirlə bağlı öz fikirlərini bölüşmüşdür.

 

Daha sonra 4-cü Komponent rəhbəri Yaçek Jezierski təşkil olunan 16-17 yanvar 2019-cu il tarixlərində təşkil edilmiş iki günlük seminarlarda Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları və müasir dünyada Ali Audit Qurumun əsas rolu və vəzifələri, Hesablama Palatasının əsas fəaliyyət sahələri, Hesablama Palatasının Azərbaycan Respublikasında dövlət təşkilatları içərisində mövqeyi, Hesablama Palatasının əsas vəzifə və öhdəlikləri və Hesablama Palatasının audit fəaliyyəti ilə bağlı seçilmiş məsələlər barədə təqdimat edildiyini bildirmiş və təmsil olunan təşkilat nümayəndələrinin də seminarlarda fəal iştirak etdiyini vurğulamışdır. O, eyni zamanda 2019-cu ildə növbəti silsilə seminarların keçiriləcəyini bildirmiş və rəhbərlik etdiyi Komponent çərçivəsində bilik və təcrübə mübadiləsi məqsədilə Polşa AAQ-na təlim səfərinin planlaşdırıldığını da qeyd etmişdir. Görüşdə həmçinin bu ilin mart ayında Milli Məclisdə millət vəkilləri ilə HP-nin vəzifə, səlahiyyət və funksiyaları barədə görüşlərin təşkil edilməsi, təqdimatların məzmunu və formatı məsələləri müzakirə edilmişdir.   

  

Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov əsas maraqlı tərəflər ilə münasibətlərin idarə edilməsi sahəsində müvafiq biliklər əldə etmək baxımından ayrı-ayrı büdcə təşkilatlarında çalışan əməkdaşlar üçün HP-nin vəzifə, səlahiyyət və funksiyalarına dair seminarların keçirilməsinin və bununla birgə əməkdaşlıq əlaqələrinin daha da formalaşdırılması baxımından əhəmiyyətini qeyd etmişdir. Cənab Gülməmmədov missiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, Tvinninq Layihəsi çərçivəsində əməkdaşlığın Polşa AAQ-ı ilə birgə əməkdaşlıq münasibətlərinin inkişafına müsbət təsirini bir daha vurğulamışdır.