Hesablama Palatasında tvinninq layihəsi çərçivəsində büdcə təşkilatları üçün seminarlar keçirilmişdir
Əlavə olunub: 2019-01-17

2019-cu ilin 16-17 yanvar tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin icrası çərçivəsində ayrı-ayrı büdcə təşkilatlarında maliyyə idarəetməsi sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün silsilə tədbirlər keçirilmişdir.

 

 

Layihə üzrə Hesablama Palatasının əsas tərəfdaşları – audit olunan qurumlar, parlamentin müxtəlif komitələri, media və digər maraqlı tərəflər ilə münasibətləri nəzərdə tutan  komponenti əhatə edən Seminarların əsas mövzusu “Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları” barədə olmuşdur. İki günlük təşkil olunan seminarlarda müasir dünyada Ali Audit Qurumun əsas rolu və vəzifələri, Hesablama Palatasının əsas fəaliyyət sahələri, Hesablama Palatasının Azərbaycan Respublikasında dövlət təşkilatları içərisində mövqeyi, Hesablama Palatasının əsas vəzifə və öhdəlikləri və Hesablama Palatasının audit fəaliyyəti ilə bağlı seçilmiş məsələlər olmuşdur.

 

Tvinninq layihəsinin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsidir. Bu layihə həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə təkan verəcəkdir.

 

 

Qeyd etmək lazımdır ki, sadalanan  istiqamətlər üzrə ötən dövrdə bir sıra müvafiq  tədbirlər həyata keçirilmişdir. Bunlar əsasən müxtəlif audit növləri üzrə təlimləri, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin təhlili və beynəlxalq standartların tələbləri ilə müqayisəni, Polşa Ali Audit Qurumunun təcrübəsinin real iş şəraitində öyrənilməsi məqsədilə təlim səfərlərini və s. əhatə etmişdir. 2019-cu ilin sonunda başa çatacaq layihə üzrə növbəti tədbirlər pilot maliyyə və səmərəlilik auditlərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi və bu fəaliyyətlərdən əldə edilmiş nəticələr əsasında daxili təlimat və tövsiyə sənədlərinin təkmilləşdirilməsi məsələlərini əhatə edəcəkdir.