Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilmiş auditin nəticələri haqqında məlumat
Əlavə olunub: 2018-12-07

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilmiş auditin nəticələri haqqında məlumat

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2016-cı il tarixindən 01 fevral 2018-ci il tarixinədək olan dövrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Audit  ilə ümumilikdə 59252,7 min manat vəsait əhatə olunmuş, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılmışdır.

 

Auditlə əhatə olunan illərdə Nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməmiş, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulmuş, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilmiş, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməmiş, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməmişdir.

 

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulmuş, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilmiş, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalmış, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülmüşdür.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”na və “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na uyğun ciddi hesabat blanklarının uçotu aparılmamışdır.

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları üzrə 01.01.2018-ci il tarixə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmamış, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməmişdir.

 

Nazirlik tərəfindən auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanılmasına nail olunmuşdur.

 

Hesablama Palatasının Kollegiyası Nazirlik tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.