Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-12-07

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş auditin nəticələri barədə məlumat

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiya iclasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabat müzakirə edilərək təsdiq edilmişdir.

 

 Auditlə ümumilikdə 8600,0 min manat məbləğində vəsait əhatə edilmişdir.

 

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti auditin əhatə etdiyi dövrdə qənaətbəxş olmamışdır.

 

Müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməmiş, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilmiş, 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmamış, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməmişdir.

 

Xərclər smetasında əsaslı təmir xərcləri nəzərdə tutulmadığı halda bu məqsədlə vəsait xərc edilmiş, 29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinmiş, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilmiş vəsait xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənmişdir.

 

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, əməyin ödəniş dərəcəsi düzgün müəyyən edilməyərək artıq əmək haqqı xərcinə yol verilmiş, Elektrik Quraşdırma Sahəsi işçilərinin əmək haqqı təsərrüfatın öz gəlirləri hesabına deyil,  dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.

 

2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilmiş, Müəssisə tərəfindən keçirilən satınalmalar zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən tender təklifinin təminatı alınmamış, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin edilməmiş, maliyyə hesabatlarının tərtibi və illik inventarizasiyaların vaxtında aparılması təmin edilməmiş, 2017-ci ildə balansında olan işıq dirəklərinə avtomobil qəzası ilə dəymiş ziyana görə dəyərin təqsirkar şəxslərdən alışı təmin edilməmiş və müəssisənin debitor borcuna daxil edilməmişdir.

 

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması, o cümlədən Müəssisənin Əsasnaməsi ilə fəaliyyəti arasındakı uyğunsuzluqların həll edilməsi, istismarı planlaşdırılan işıq nöqtələrinin dislokasiyasının tərtib olunması, təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan xərclərin  büdcə vəsaiti hesabına ödənilməsi hallarına yol verilməməsi, həmçinin hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Qərarın surəti  Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Baş Maliyyə İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (Təqdimatla birlikdə) göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.