Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin 13 noyabr 2018-ci il tarixli plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışı
Əlavə olunub: 2018-11-13

Hörmətli Sədr!  Hörmətli Baş Nazir! Hörmətli Hökumət üzvləri! Hörmətli millət vəkilləri və iclas iştirakçıları!

 

2019-cu ilin dövlət büdcəsinin layihəsi, bu layihənin reallaşacağı makroiqtisadi mühit, həmçinin fiskal  siyasətin əsas istiqamətləri barədə çıxışçılar  tərəfindən əhatəli məruzələr edildi. İstərdim ki, dövlətin əsas maliyyə sənədinə Hesablama Palatası tərəfindən hazırlanmış Rəyin vacib məqamlarını Sizlərin diqqətinə çatdırım.

 

Dövlət maliyyəsinin əsas funksiyalarından biri iqtisadi artımın və məşğulluğun yüksək səviyyəsinin, büdcə kəsirinin və dövlət borclanmasının aşağı həcminin, həmçinin cari əməliyyatlar balansında dayanıqlı şəraitin əldə edilməsini nəzərdə tutan makroiqtisadi stabilliyin təmin olunmasıdır. Bu hədəflərə çatmaq üçün dövlət büdcəsi parametrlərinin ehtimal edilən nisbətlərinin müəyyən olunmasına xidmət edən  makroiqtisadi proqnozlaşdırma işi xüsusilə vacibdir. “Büdcə zərfi”nə daxil olan, növbəti il üçün nəzərdə tutulan makroproqnozlar dövlət büdcəsinin əsas parametrlərinin uyğunluğunu göstərir.

 

İlk növbədə qeyd etməliyik ki, ötən ildə iqtisadiyyata qoyulan investisiyanın həcmi 17,4 mlrd. manat təşkil etmişdir. Bu göstərici cari ildə də demək olar ki, eyni səviyyədə gözlənilir və qarşıdakı il üçün real artım tempi 2,2%, nominal artım tempi isə 3,3% səviyyəsində olmaqla 17,9 mlrd. manat məbləğində proqnozlaşdırılmışdır. Büdcə sektoru investisiyaların cəmi məbləğində xüsusilə əhəmiyyətlidir. Belə ki, büdcə üzrə əsaslı xərclər investisiyaların tərkibində növbəti il üçün 9,9 mlrd. manat və ya proqnozlaşdırılan investisiya xərcinin 55,2%-i səviyyəsində nəzərdə tutulmuşdur.

 

Növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə, investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı ÜDM-in cari il üzrə real artım tempinin 2,0% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu nəzərə alsaq həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik.

 

Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən etmişdir. İlk olaraq “Büdcə zərfi“nə dövlət büdcəsinin layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi  büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.

 

Rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilmişdir. 

 

Hesablama Palatası Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə   müsbət təsir göstərən amil olaraq Rəydə vurğulamışdır.

 

 

Hörmətli millət vəkilləri!

 

Növbəti ilin dövlət büdcəsinə dair qanun layihəsinə və müvafiq sənədlərə olan tələblər “Büdcə sistemi haqqında” Qanun ilə tənzimlənir. İlk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsinin tərtibinə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə başlanılmış, Hesablama Palatasına da tələblər gözlənilməklə vaxtında təqdim edilmişdir. Eyni zamanda məlumatlara əsasən qeyd edə bilərik ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsi ilə büdcə sisteminin vahidliyi, bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit edilmiş tələblər təmin olunmuş, 4-cü maddəsinin tələblərinə uyğun olaraq vahid büdcə təsnifatı tətbiq edilmişdir. Qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilmiş, həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əks olunmuşdur. Qanun layihəsi ilə birgə təqdim edilmiş sənəd və məlumatlar isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edilmişdir.

 

Məlum olduğu kimi, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunmuşdur.  Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. Qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir.

 

Büdcə qaydasına uyğun olaraq ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla müəyyən edilmişdir.

 

 “Büdcə zərfi”ndə 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5% olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilmişdir və buna əsaslanaraq  büdcə qaydalarının tələbinə əməl olunduğu vurğulanmalıdır.  Müvafiq metodikanın “Büdcə zərfi”nə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək Rəyə bu barədə məlumatlar daxil etmişdir.

 

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə  3,5% çox olmaqla 22,9 mlrd. manat məbləğində proqnozlaşdırılmışdır.

 

Bu vəsaitin 31,9%-i Vergilər Nazirliyi xətti ilə, 15,1%-i Dövlət Gömrük Komitəsi xətti ilə, 49,6%-i Dövlət Neft Fondu və 3,4%-i digər mənbələr üzrə proqnozlaşdırılır.

 

Hesablama Palatası 2019-cu ildə büdcə gəlirlərinin mümkün artım potensialı ilə bağlı bir neçə istiqaməti müəyyən edərək bu barədə Rəydə geniş məlumatlar əks etdirmişdir. 

 

Ümumiyyətlə, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir. Vergi boşluğu anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə qeyd edilməlidir ki, vergi boşluğu il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir. Bu göstəricinin hesablanılması və “Büdcə zərfi”ə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda “kölgə iqtisadiyyatı”nın miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin  azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə  də şərait yaratmış olar.

 

Hörmətli millət vəkilləri!

Qanun layihəsində dövlət büdcəsinin xərcləri  24,8 mlrd. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 7,3% çox proqnozlaşdırılmışdır.

 

Növbəti ilin dövlət büdcəsi xərclərini fərqləndirən əsas məqam əvvəlki illərlə müqayisədə icmal budcənin digər komponentinin - xarici kreditlər hesabına maliyyələşən layihələrin və Dövlət Neft Fondunun investisiya xarakterli xərclərinin dövlət büdcəsi vasitəsilə aparılmasıdır.

 

Ötən illərin təcrübəsinə əsaslanaraq qeyd edə bilərik ki, planlaşdırılan xarici kreditlər hesabına maliyyələşən layihələrin il ərzində icra səviyyəsi, eyni zamanda bu layihələrin icrasının dövlət xəzindarlıq orqanları vasitəsilə aparılmaması 2019-cu ilin dövlət büdcəsinin icrasına əhəmiyyətli təsir göstərə biləcəyini deməyə əsas verir.

 

Növbəti ilin dövlət büdcəsinin xərclərinin fuksional strukturu dəyişməmiş və xərclər dövlətin müəyyən edilmiş funksiyalarının icrasına müvafiq qaydada proqnozlaşdırılmışdır.

 

Dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcəkdir.

 

Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən  icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

 

Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında  dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılmışdır.

 

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin  kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir.

 

Hörmətli millət vəkilləri!

2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunmuşdur və qeyd edildiyi kimi, ilk dəfə olaraq büdcə qaydaları nəzərə alınmışdır. Təqdim edilmiş Rəy isə Hesablama Palatası haqqında yeni Qanunun qüvvəyə mindiyi dövrdən hazırlanmış ilk Rəydir. Bu baxımdan tərəfimizdən daha praktik yanaşmaların tətbiq edilməsinə, mümkün büdcə riskləri, vəsaitlərin icraçılar üzrə bölgüsü üzrə daha ətralı məlumatların təqdim olunmasına çalışmışıq. Bu zaman beynəlxalq standart və təcrübələrdən də geniş istifadə etmişik. Fikrimizcə belə yanaşma, hörmətli millət vəkillərinə və hörmətli hökumət üzvlərinə dövlət büdcəsi ilə bağlı daha dolğun məlumat təqdim etməklə  yanaşı vəsaitlərin hesabatlı şəkildə icrası üçün də zəmin yaradacaq.

 

Hörmətli millət vəkilləri!

Növbəti il üçün dövlət büdcəsinin layihəsi ümumilikdə müəyyən edilmiş prioritet istiqamətlər üzrə tərtib olunmaqla ölkə başçısı Möhtərəm cənab İlham Əliyev tərəfindən qoyulmuş hədəflərin reallaşdırılmasına xidmət etmək məqsədi daşıyır və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim edilmişdir. Bunları nəzərə alaraq Hesablama Palatasının Kollegiyası Qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirə edilməsini tövsiyə etmişdir. Müzakirələr zamanı Hesablama Palatasının Rəyinin nəzərə alınmasını xahiş edirəm. 

 

Diqqətinizə görə çox sağ olun!