Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-10-30

29 oktyabr 2018-ci il  tarixdə Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”,  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri  müzakirə edilmişdir.

 

İcmal-analitik şöbənin  müdiri Vəfa Mütəllimova Rəyin layihəsini təqdim edərək  Rəyin “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olmaqla hazırlandığını qeyd etdi. Qanun layihəsi ilə birgə təqdim edilmiş sənədlərin mövcud qanunvericiliyə uyğunluğu, qəbul edilmiş büdcə qaydalarının tələblərinə riayət edilmə vəziyyəti ilə bağlı məlumat verərək, növbəti ilin dövlət büdcəsinin əsas parametləri ilə bağlı vacib meylləri diqqətə çatdırdı.

 

İcmal büdcənin təhlil sektorunun müdiri Zaur Vəliyev  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi: makro-fiskal çərçivə” mövzusunda məruzə  etdi.

 

Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov Palatanın Rəyində əks olunan dövlət büdcəsinin gəlirlərinin yığılmasını təmin edən əsas inzibati qurumlar üzrə vəsaitlərin proznozlaşdırılması məsələləri üzrə çıxış etdi.

 

Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin müdiri Vüqar İbrahimov isə dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri və bu sahədə nəzərdə tutulmuş dəyişikliklərlə bağlı məlumat verdi. 

 

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və  "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı Sosial təminat sahələrinin auditi sektorunun müdiri   Sənan Ağakişiyev məruzə etdi.

 

Daha sonra Hesablama Palatasının rəyləri geniş şəkildə müzakirə edildi. Hesablama Palatasının üzvü Firsənd Qurbanov fəaliyyət istiqaməti üzrə Rəyə daxil edilən  əsas məsələlər üzrə çıxış etdi.

 

Hesablama Palatasının sədri müavini Adil Məhərrəmov Qanun layihəsinin işçi qaydada və geniş tərkibdə  ətraflı müzakirə olunduğunu, Rəyin layihəsinin qanunvericiliyin tələblərinə tam cavab verdiyini qeyd etdi və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  2019-cu il büdcəsi haqqında" və  "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə Hesablama Palatasının Rəylərinin təsdiq edilməsini təklif etdi.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qanun layihəsinə Rəydə  büdcə parametrlərini xarakterizə edən makroiqtisadi meyllər və  təhlillər, büdcə gəlirlərinin proqnozlarının vergi və digər gəlir mənbələri, dövlət büdcəsi xərclərinin ayrı-ayrı xərc istiqamətləri,  habelə təsdiq edilmiş proqram və layihələr üzrə  proqnozlar, dövlət borcunun mövcud durumu, dövlət borclanma limiti, eləcə də büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələri barədə  danışdı,  hər il olduğu kimi bu il də büdcə qanunvericiliyinin  təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərindən səmərəli istifadə, şəffaflığın və hesabatlılığın artırılması  üçün Rəydə   müxtəlif istiqamətlər üzrə 90-dan çox nəticə və 40-dan çox təklif  təqdim edildiyini  bildirdi.

 

V.Gülməmmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və  "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Palatanın Rəyi barədə də fikrini bildirdi,   pensiya ödənişləri üzrə dövlət büdcəsinin və Fondun öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsi, pensiya sisteminin fiskal dayanıqlılığının təmin edilməsinə yönəldilən fəaliyyətin gücləndirilməsinin vacibliyinin Rəydə əks olunduğunu qeyd etdi.

 

Çıxışının sonunda V.Gülməmmədov Palatanın müzakirə olunan Qanun layihələrinə Rəylərinin təsdiq edilməsi təklifinə tərəfdar olduğunu bildirdi.

 

Təklif  yekdilliklə qəbul edildi və  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”,  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının  2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinin Azərbaycan Respublikasının  Milli  Məclisində  müzakirə edilməsi tövsiyə edildi.

 

Məlumat üçün bildiririk ki, Hesablama Palatasının Rəylərinin tam mətni ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.