Hesablama Palatası beynəlxalq tədbirə ev sahibliyi etmişdir
Əlavə olunub: 2018-10-10

2018-ci ilin  oktyabr  ayının 9-10-da Bakı şəhərində Azərbaycan Respublikasının Hesablama Palatasının ev sahibliyi ilə ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısı   keçirilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  İdarə Heyətinin toplantısını açaraq  iştirakçıları və qonaqları salamlamış, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamış və Azərbaycan tərəfinin region üzrə ümumi fəaliyyətlərdə verdiyi töhfə barəsində məlumat vermişdir. 

Sonra ECOSAI-ın, eləcə də, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Baş  açılış nitqi söyləyərək toplantının  ümumi məqsədi və gündəliyi barədə danışmışdır.  Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin 2017-2018-ci il üzrə fəaliyyət hesabatı və  2017-ci il 31 dekabr tarixində bitən il üzrə ECOSAI-ın İllik Hesabları təqdim edilmişdir.

 

Daha sonra, iş günün əvvəlində keçirilmiş ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilmiş, ECOSAI-ın ASOSAI-ın regional üzvü olması istiqamətindəki fəaliyyəti ilə bağlı yeniliklər, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, ECOSAI-ın təlim fəaliyyətləri ilə əlaqədar İslam İnkişaf Bankı və digər donor təşkilatlarla əməkdaşlığı barədə eləcə də, birgə və paralel auditlərin keçirilməsi istiqamətində görülmüş işlər  müzakirə edilmişdir.

 

Nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ECOSAI çərçivəsində maliyyə, səmərəlilik və uyğunluq auditlərinin keçirilməsində ISSAI standartlarının tətbiqi zamanı qarşıya çıxan çətinliklər və onların milli müstəvidə həlli yolları barədə öz fikirlərini bildirmişlər. Bundan əlavə, region daxilində Ali Audit Qurumları arasında ikitərəfli münasibətlərin daha da dərinləşməsinin əhəmiyyəti vurğulanmışdır.

 

ECOSAI-ın və  Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Başın  yekun nitqi ilə Toplantı başa çatmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov Toplantı iştirakçılarına işgüzar əməkdaşlıq üçün təşəkkürünü bildirmişdir.