“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-10-05

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasənvə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş auditin nəticələri barədə məlumat

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilmiş və ümumilikdə 561153,7 min manat məbləğində vəsaiti əhatə etmişdir.

Cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmamış, büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq Cəmiyyətin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulmuşdur.

Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilmiş, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməmiş və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməmiş, bir halda kreditor borc tanınmadan ödənilmiş, Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilmiş, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməmiş, stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb alınması üzrə Cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmamış, 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməmiş, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilmiş, maya dəyərinin artırılması hallarına yol verilmiş, balans zərəri artırılmış, daxili audit xidməti formalaşdırılmamışdır.

Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməmiş, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməmiş, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq Təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməmiş, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməmiş, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılmış və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmamış, keçirilmiş kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra hakimiyyəti orqanına təqdim olunmamış, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmamış, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmamış və müqavilənin yerinə yetirilməsi təminatı alınmamışdır.

Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməmiş və müvafiq rəylər tam alınmamış, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmamış, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməmişdir.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, “Bakı Metropoliteni” QSC-də yol verilmiş nöqsanların aradan qaldırılması,o cümlədən Metropolitenə məxsus dövlət əmlakından istifadənin səmərəliliyini artırmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından tam istifadə edilməsi, Cəmiyyətin istismar fəaliyyəti üzrə əmək haqqı və əmək haqqına bərabər tutulan ödəmələrin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında hesablanılıb ödənilməsi, Metropolitenin fəaliyyəti, o cümlədən istismar və tikinti sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması, nəticəliliyinin artırılması, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmiş, Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün “Bakı Metropoliteni” QSC-yə göndərilmişdir.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.