İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-10-05

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri barədə məlumat

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2017-ci il və 2018-ci ilin I yarımilində ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

            Audit tədbiri İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17229,0  min manat vəsaiti əhatə etmişdir.

Auditlə  işçilərə artıq ezamiyyə xərcinin, elmi dərəcələrə görə artıq  əlavə əmək haqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əmək haqqının ödənilməsi halları  müəyyən edilmişdir. Həmçinin, işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməli olduğu halda, İctimai Yayımçının vəsaiti hesabına ödənilmişdir.

Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış müqavilə şərtlərinə əməl edilməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verilmişdir.

            İctimai Yayım xidmətinin digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmamışdır.

Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməmiş,   Şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinmişdir.

  Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilmişdir.

            Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.