Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti ASOSAI-ın XIV Assambleyasında və VII Simpoziumunda iştirak etmişdir
Əlavə olunub: 2018-09-26

Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) XIV Assambleyasında və VII simpoziumunun işində iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində səfərdə olmuşdur. 

 

Milli Konvensiya Mərkəzində keçirilmiş Assambleyanın açılış mərasimində Asiya regionunun Ali Audit qurumlarını təmsil edən nümayəndə heyətləri ilə yanaşı Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri xanım Nguyễn Thị Kim Ngân, INTOSAI təşkilatının Prezidenti Dr. Harib Saeed Al Ameemi, ARABOSAI təşkilatının Prezidenti cənab Adel Alsarawi və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak etmişlər. Mərasimdə çıxış edən natiqlər Asambleya iştirakçıları qarşısında duran məsələlərin əhəmiyyətini vurğulamış, həmçinin ASOSAI təşkilatının Nizamnaməsinin 40-cı il dönümü münasibətilə təbriklərini çatdırmışlar.

 

Birinci plenar iclasda ASOSAI-ın sonuncu assambleyasından sonra  aparılmış fəaliyət haqqında ASOSAI-ın Baş Katibliyi adından Koreyanın AAQ-nın hesabatı, Ətraf mühit auditi üzrə İşçi Qrupun adından Çin AAQ-nın hesabatı, eləcə də ASOSAI jurnalının üç illik fəaliyyəti haqqında hesabat dinlənilərək qəbul olunmuşdur, həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri məsələləri müzakirə edilmiş və ASOSAI-ın 2019-2021-ci illər üçün budcəsi təsdiq edilmişdir.

 

Tədbirlər silsiləsinin ikinci günü “Dayanıqlı İnkişaf üçün Ətraf Mühitin Auditi” mövzusunda ASOSAI-nın 7-ci simpoziumu keçirilmişdir. Simpoziumda Yaponiya, İndoneziya, Çin, Avstraliya, Tayland, Banqladeş, Nepal və Vyetnam AAQ-larının nümayəndələri, həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsü Təşkilatının (IDI) və Andlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) təmsilçiləri məruzələrlə çıxış etmiş, mövzu ətrafında müzakirələr aparılmışlar. Natiqlər BMT tərəfindən təyin edilmiş 17 dayanıqlı inkişaf məqsədinə nail olmaq üçün milli hökumət qurumlarının apardığı fəaliyyətin AAQ-lar tərəfindən audit olunmasının əhəmiyyətini vurğulamış, bu baxımdan Asiya regionu üçün aktual olan ətraf mühit auditi üzrə görülmüş işlər və qarşıda duran planlar barəsində məlumatlarla bölüşmüşlər.

 

ASOSAI-ın XIV Assambleyası çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov Vyetnam Sosialist Respublikasının ali rəhbərliyinin  nümayəndə heyətləri rəhbərləri ilə keçirdiyi görüşdə iştirak etmişdir.

 

Assambleyanın ikinci plenar iclasında keçirilmiş seçkilər nəticəsində İndoneziya, Rusiya Federasiyası, Küveyt, Banqladeş və Nepal AAQ-ları İdarə Heyətinə, Türkiyə və Qazaxıstan AAQ-ları isə Audit Komitəsinə üzv seçilmiş, ASOSAI təşkilatına yeni üzvün  - Fələstin AAQ-nın qəbul olunması elan edilmişdir.

 

XIV assambleyanın yekun sənədi olaraq Xanoy bəyannaməsi qəbul edilmiş, növbəti, XV Assambleya 2021-ci ildə Tailandda keçiriləməsi qərara alınmışdır.