Hesablama Palatasının əməkdaşları ECOSAI seminarında iştirak ediblər.
Əlavə olunub: 2018-09-11

03-06 sentyabr 2018-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ali audit qurumlarının təmsil olunduğu ECOSAI təşkilatı tərəfindən “Mövcud Dövlət Sektoru Auditi Qaydalarında Problemlər” mövzusunda keçirilən seminarda Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Firsənd Qurbanov və Sosial sahələrin auditi şöbəsinin böyük məsləhətçisi Elgün Atalıyev iştirak etmişlər. 4 günü əhatə edən seminarda təşkilata üzv 9 ölkənin 40-dək təmsilçisi iştirak etmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri seminarda “Ali audit qurumlarının milli büdcələrə səmərələşdirici təsiri” mövzusunda çıxış edərək Hesablama Palatasının dövlət büdcəsinin gəlir və xərclərinin layihəsinə, icrasına və dürüstləşməsinə rəy vermə prosesi, müxtəlif normativ hüquqi aktlarda dəyişikliklər edilməsinə dair hökumətə təqdim edilən təkliflər, həmçinin, iki pilot səmərəlilik auditinin nəticələri barədə məlumat vermiş, digər iştirakçıların ünvanladıqları sualları cavablandırmışlar.