Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyətinin Polşa Ali Audit Ofisinə səfəri
Əlavə olunub: 2018-09-07

6-7 sentyabr 2018-ci il tarixində Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Ali Audit Ofisinin Prezidenti cənab Kristof Kviatkovskinin dəvəti ilə Polşaya səfər etmişdir. Görüş Azərbaycan Respublikası Hesablama Palatası və Polşa Ali Audit Ofisi arasında əməkdaşlığın daha da gücləndirilməsi  məqsədini daşımışdır.

 

 

Keçirilən görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər barədə danışılmış, müzakirələr əsasən Ali Audit Qurumlarının fəaliyyətində audit prosesinin elektronlaşdırılması,  Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvininq Layihəsinin həyata keçirilməsində nailiyyətlər və qarşıda duran vəzifələr məsələləri ətrafında keçirilmişdir. Tərəflər, həmçinin, beynəlxalq standartlara və xüsusilə INTOSAI təşkilatının standartlar çərçivəsinə əsaslanaraq  maliyyə auditinin aparılması üzrə hər iki qurumda toplanmış təcrübə, mövcud prosedurlardakı fərqlər və oxşarlıqlar ilə bağlı fikir mübadiləsi aparmışlar

 

Mövcud Tvininq layihəsi ilə əhatə olunmayan fəaliyyət istiqamətlərini həyata keçirmək, layihədən sonra qurulmuş möhkəm əməkdaşlıq ənənəsini davam etdirmək və gücləndirmək məqsədilə səfər zamanı Azərbaycan Respublikası Hesablama Palatası və Polşa Ali Audit Ofisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.