Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının XVIII Sessiyasında iştirak etmişdir
Əlavə olunub: 2018-09-06

5-6 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının XVIII Sessiyası keçirilmişdir. Tədbirdə 8 ölkənin Ali Audit Qurumundan  24 nümayəndə, eyni zamanda MDB İcraiyyə Komitəsinin və Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak etmişdir.

 

  

 

Plenar iclasın açılışında MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Sədri, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının XVII və XVIII  Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmiş, sessiyalar arasındakı müddətdə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti haqqında ətraflı məlumat vermişdir.

 

 

Hesabat məruzəsindən sonra MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurası Sədrinin rəmzinin Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədov tərəfindən qarşıdakı bir il ərzində bu Şuraya rəhbərlik edəcək Rusiya Federasiyası Hesablama Palatasının Sədri Aleksey Kudrinə ötürülməsi mərasimi olmuşdur.

 

Bundan sonra “Dövlət İdarəetməsinin səmərəliliyinin inkişaf etdirilməsi və artırılmasında informasiya texnologiyaları” kimi müəyyən edilmiş sessiyanın tematik mövzusu üzrə çıxışlar dinlənilmişdir. Tədbirdə iştirak edən hər 8 ölkənin Ali Audit Qurumu rəhbəri mövzu ətrafında məruzələrini təqdim etmişlər.

 

Plenar Sessiyanın ikinci hissəsində Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Akademiyası haqqında adı çəkilən Akademiyanın Prezidenti məlumat vermişdir. Bundan sonra, MDB İcraiyyə Komitəsinin sədr müavini Sergey İvanov çıxış etmiş,  Rusiya Federasiyası Hesablama Palatasının İqtisadi analiz departamentinin direktoru, Ekspert qrupunun koordinatoru Dmitriy Zaytsev Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupunun fəaliyyəti haqqında məruzə etmişlər.  MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün Standartların hazırlanması üzrə İşçi Qrupunun fəaliyyəti haqqında isə Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin nümayəndəsi ətraflı məlumat vermişdir.

 

Rusiya Federasiyası Hesablama Palatasının xarici əlaqələr departamentinin direktoru Andrey Bazin öz çıxışında MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurası Katibliyinin fəaliyyəti, MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasının nizamnaməsinin yenilənməsi və XVIII və XIX Sessiyalar arası dövr üçün Şuranın fəaliyyət Planı haqqında məlumatı Sessiya iştirakçılarının nəzərinə çatdırmışdır.

 

İclasın sonunda MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVIII sessiyasının yekun sənədlərinin rəsmi imzalanma mərasimi olmuşdur.

 

Sessiya zamanı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  və Rusiya Federasiyası Hesablama Palatasının sədri Aleksey Kudrin arasında baş tutan ikitərəfli görüşdə hər iki qurumun gələcək fəaliyyət perspektivləri və qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılmışdır.  

 

Qırğızıstan Hesablama Palatasının sədri Ulukbek Maripov ilə keçirilmiş görüş nəticəsində  Azərbaycan Respublikası Hesablama Palatası və Qırğızıstan Respublikası Hesablama Palatası arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.