Türkiyə Hesablama Məhkəməsinin nümayəndə heyəti Azərbaycan Respublikasının Hesablama Palatasında təqdimatla çıxış etmişdir
Əlavə olunub: 2018-08-03

Türkiyə Hesablama Məhkəməsinin audit departamentinin direktoru Arif Zencirci, auditorlar Mustafa Ersöz və Hacı Mehmet Çekici 25-28 iyul 2018-ci il tarixlərində Hesablama Palatasında təqdimatla çıxış etmək üçün Bakı şəhərinə səfər etmişdir.

Səfər Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi arasında olan ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. İki gün davam edən toplantıda Hesablama Palatasının Sədr cənab Vüqar Gülməmmədov, Palatanın üzvləri və struktur bölmələrin rəhbərləri və müvafiq işçiləri iştirak etmişdir.

Səfərin məqsədi Auditin idarəedilməsi proqramına (SayCap), Kompüterə əsaslanan audit üsullarının tətbiqi (CAATs) və maliyyə məlumatlarının təhlilində istifadə olunan informasiya texnologiyaları alətlərinin tətbiqi mövzusunda təqdimatların verilməsindən ibarət olmuşdur. Təqdimatlarda Auditin idarəedilməsi proqramı, sistemin bütün funksionallığı, ümumi prosesin əsas hissələri, rəhbərlik və işçilər səviyyəsində iştirakçıların rolları və tətbiqlə bağlı digər mühüm məlumatlar da  izah edilmişdir.