Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-07-30

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinin nəticələri barədə məlumat

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Tibb Universiteti üzrə 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna  istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən Universitetin tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakultəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməmiş, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1%-nin və 4,3%-nin  akademik borcu yaranmış, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanmışdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq rezidenturada təhsil alanlara əmək haqqı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq hərbi tibb fakultəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, Univeristetin təsərrüfat hesablı gəlirləri hesabına ödənilmişdir.

 

Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanmış, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilmiş, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilmişdir.

 

Hesablama Palatasının Kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul etmiş, auditlə müəyyən edilmiş digər nöqsanları aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.