Hesablama Palatasının əməkdaşı INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun iclasında iştirak etmişdir.
Əlavə olunub: 2018-07-20

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun Hindistan Respublikasının Heydərəbad şəhərində keçirilən illik iclasında iştirak etmişdir. İclasda Azərbaycan ilə yanaşı, Butan, Braziliya, Çili, Çin, Fici, Gürcüstan, İndoneziya, Keniya, Cənubi Koreya, Küveyt, Maldiv adaları, Portuqaliya, Rusiya, Şri-lanka, Tayland, Türkiyə, Rumıniya, ABŞ, Zambiya, Filippin və Hindistan Ali Audit Qurumlarının və Hindistanın Milli Dövlət Maliyyə və Siyasət İnstitutunun əməkdaşları təmsil olunmuşdur.

 

İslasda İşçi Qrupunun 2020-2022-cu illər üzrə İş Planının layihəsi, Strateji İnkişaf Planı üçün “Professional Münsiflər Çərçivəsi”nin rolu, “Dövlət Borcunun İdarəolunmasının Auditi üzrə Təlimat”ın statusu, Dövlət Borcu üzrə İşçi Qrupunun 2017-ci ildə Filippin Respublikasının Manila şəhərində keçirilmiş iclasında qarşıya qoyulmuş məqsədlər üzrə nailiyyətləri, müvafiq Standartların təkmilləşdirilməsi üzrə Layihənin icra vəziyyəti, Braziliyada dövlət borclarının idarə edilməsi, Portuqaliyada İctimai borc məlumatlarının keyfiyyəti və müqayisəsi, Şərti öhdəliklər üzrə auditin planlaşdırılması və aparılması, Dövlət borcunun auditi üzrə Çin təcrübəsi barədə təqdimatlar olmuşdur. Qeyd olunan təqdimatlarla yanaşı, Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev tərəfindən “Dövlət borcunun dayanıqlığının təmin olunmasında Dövlət Borcunun İdarəedilməsi Strategiyasının rolu” mövzununda təqdimatı olmuşdur.

 

Bununla yanaşı, 2017-2022-ci illər üçün İşçi Qrupunun Strateji Planının icra vəziyyəti və müvafiq Standartların təkmilləşdirilməsi ilə bağlı alt-qrupların fəaliyyəti barədə məlumat verilmiş, 2019-2020-ci illərdə İşçi qrupunun iclasının keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

 

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, Dövlət Borcu üzrə İşçi Qrupunun internet səhifəsinin təkmilləşdirilməsi və ekspertlər arasında əlaqələrin genişlənidirilməsi məqsədilə müvafiq portaldan daha çox istifadə olunması qərara alınmışdır.