Hesablama Palatasının əməkdaşları təlim səfərində iştirak ediblər
Əlavə olunub: 2018-07-17

Azərbaycan Respublikası Hesablama Palatasının Auditoru Vaqif Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Tvininq layihəsi çərçivəsində Polşa Respublikasında səfərdə olmuşdur. Təlim məqsədi Polşa Audit İdarəsinin səmərəlilik (performance) auditi sahəsində təcrübəsinin öyrənilməsi olmuşdur.

 

Nümayəndə heyətini Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Krzysztof Kwiatkowski qəbul edərək Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin uğurla keçiriləcəyini bildirmişdir. 

Təlim çərçivəsində Polşa Ali Audit İdarəsinin Elm, Təhsil və Milli Miras Departamentinin Direktoru vəzifəsinin müvəqqəti icraçısı cənab Piotr Prokopczyk Elm, Təhsil və Milli Miras Departamenti tərəfindən aparılan audit tədbirləri və səmərəlilik auditi mövzusunda təqdimatla çıxış edərək bildirmişdir ki, səmərəlilik auditi təkmilləşməyə səbəb olmaq məqsədilə qənaətlilik, səmərəlilik və effektivlik aspektlərinin biri və bir neçəsi ilə bağlı hökumət fəaliyyətlərinin, sistemlərinin, proqram və ya təşkilatlarının müstəqil və obyektiv yoxlanmasıdır.

 

Təlim zamanı Polşa Ali Audit İdarəsinin Audit Metodologiyası və Professional İnkişaf Departamentinin Direktoru vəzifəsinin müvəqqəti icraçısı xanım Magdalena Bratowska Audit Metodologiyası və Professional İnkişaf Departamentinin keyfiyyətin təmin olunması prossesində rolu və audit prossesində metodoloji dəstəklə bağlı təqdimatlarla çıxış etmişdir.

 

Daha sonra Polşa Ali Audit İdarəsinin İnfrastuktur Departamentinin direktor müavini Tadeusz Winiarz İnfrastuktur Departamenti tərəfindən aparılan səmərəlilik auditləri barədə məlumat vermiş, qeyd etmişdir ki, səmərəlilik auditi auditin ayrıca müəyyən edilə bilən hissəsidir ki, bu da adətən hesabat və məruzə hazırlanması ilə nəticələnir və həmin audit tədbirlərinin aydın müəyyən edilə bilən məqsədləri olmalıdır.

 

Krakov regional bölməsində aparılmış təlimlərdə bölmənin direktoru xanım Jolanta Stawska bölmənin səmərəlilik auditi üzrə təcrübəsi daxil olmaqla bölmənin fəaliyyəti haqqında geniş bir təqdimatla çıxış etmiş, Dövlət xərclərinin Auditi üzrə baş eksperti Wojciech Dudek, Ali Audit İdarəsinin Beynəlxalq əlaqələr üzrə məmuru Marcin Kopec və Krakov regional bölməsinin hüquq məsləhətçisi xanım Agata Brzeska-Lebiecka aparılan səmərəlilik auditlərindən bəhs edərək nümunələr təqdim etmiş, Hesablama Palatası əməkdaşlarının sualları cavablandırılmışdır.