Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşıları beynəlxalq təlim proqramında iştirak edir
Əlavə olunub: 2018-07-13

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşıları ASOSAI təşkilatının tərəfindən təşkil edilmiş “İnformasiya texnologiyalarının (İT) auditi” mövzusunda və 2018-2019-cu illəri əhatə edən beynəlxalq təlim proqramında iştirak edir. Təlim proqramı nəzəri və praktiki hissələrdən ibarətdir. 2018-ci ilin fevral ayında başlayaraq 9 həftə davam etmiş nəzəri hissə məsafədən elektron təlim aləti vasitəsilə keçirilmişdir. Bu hissədə Asiya regionuna aid Ali Audit Qurumunun 70-dən artıq təmsilçisi iştirak etmişdir. Hər bir AAQ-ın heyəti 7 modul üzrə hazırlıqlardan keçmişdir. Bunlar aşağıdakılardır:

- Modul 1 – Audit zamanı informasiya texnologiyalarının tətbiqi, daxili nəzarət sistemi və əlaqəli risklər ilə tanışlıq;

- Modul 2 – İT auditi prosesi və audit planlaşdırması matrisi;

- Modul 3 – İT idarəçiliyi;

- Modul 4 – İT satınalması və hazırlanması;

- Modul 5 – İT əməliyyatları, saxlanma və dəstək;

- Modul 6 – “Big data” və məlumat təhlili ilə tanışlıq;

- Modul 7 – Audit planının hazırlanması.

 

Hesablama Palatasının heyəti qeyd edilən modullar üzrə təlimi bitirmiş və təşkilatçılar tərəfindən aparılmış qiymətləndirmə əsasında növbəti mərhələyə keçməyə müvəffəq olmuşdur. Təlim proqramının növbəti mərhələsi olaraq pilot İT auditinin aparılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar heyət üzvləri tərəfindən risk qiymətləndirilməsi əsasında audit olunmalı qurum və orada istifadə edilən informasiya sistemi seçilmişdir. Daha sonra, müvafiq audit planı hazırlanmış və onun xarici həmkarlarla müzakirəsi üçün Hesablama Palatasının heyəti 2-6 iyul 2018-ci il tarixlərində Türkiyə Hesablama Məhkəməsinin ev sahibiliyi ilə Ankara şəhərində keçirilmiş görüşdə iştirak etmişdir.

Ankara görüşündə Azərbaycan ilə yanaşı, Küveyt, Qətər, Rusiya, Əfqanıstan, İordaniya, Türkiyə və Pakistan AAQ-larının heyətləri iştirak etmişdir. Gözlənilən audit tədbirləri iştirakçı ölkələrdə istifadə edilən müxtəlif sistemləri əhatə edir: universitetin informasiya sistemi (İS), vergilər nazirliyinin İS, AAQ-ın İS, Neft şirkətinin İS, Sosial yardımlar üzrə məsul dövlət qurumunun İS və s. Görüş zamanı hər bir audit planı həmkar təşkilat təmsilçisi tərəfindən nəzərdən keçirilmiş və yekun planlar üzrə auditlərin aparılması qərara alınmışdır.

 

Audit planlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsini nəzərdə tutan görüşdə İT auditi və İT-nin audit fəaliyyətində tətbiq olunmasına dair təcrübə mübadiləsi üçün də şərait yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsinin heyətləri arasında keçirilmiş ikitərəfli görüş zamanı Türkiyədə istifadə edilən İS-lər barədə geniş məlumat verilmişdir.

 

Tədbirdə həmçinin qeyd edildi ki, hər bir iştirakçı heyət öz ölkəsində pilot auditi apardıqdan sonra təlim proqramının yekunu olaraq ümümiləşdirici toplantı 2019-cu ildə Taylandda keçiriləcəkdir. Proqramın bütün tədbirlərində müvəffəqiyyətlə iştirak etmiş şəxslər nəticə olaraq İT auditi üzrə beynəlxalq sertifikatlar ilə təltif olunacaqdır.