Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin ikinci toplantısı keçirilmişdir
Əlavə olunub: 2018-06-29

2018-ci il iyun ayının 29-da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 2-ci toplantısı keçirilmişdir. Toplantıda Benefisiar ölkə və üzv dövlətin layihə üzrə Komponent rəhbərləri, Layihə rəhbərləri, Rezident Tvinninq məsləhətçisi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Proqram İdarəetmə Qurumunun nümayəndələri iştirak etmişdir.

 

Tvinninq layihəsi üzrə üzv ölkənin Layihə Rəhbəri eyni zamanda 1-ci Komponent rəhbəri, Polşa Respublikasının Ali Audit Qurumu olan  Milli Ali Audit Ofisinin vitse-prezidenti cənab Wojciech Kutyla tədbir iştirakçılarını salamlamış, layihə ilə bağlı müsbət fikirlərini çatdırmışdır. Cənab Kutyla toplantı öncəsi Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədovla görüşdüyünü və bu görüş zamanı layihə barədə müzakirələr aparıldığını da bildirmişdir.

 

Tvinninq layihəsi çərçivəsində Maliyyə və uyğunluq auditi üzrə 2-ci Komponent rəhbəri, Hesablama Palatasının Auditoru cənab Firsənd Qurbanov toplantının Hesablama Palatası uçün vacibliyini vurğulamış və layihənin tam şəkildə uğurlu icrası ilə bağlı komponent rəhbərlərinin və iştirakçılarının üzərinə düşən məsuliyyəti bir daha qeyd etmişdir.

 

Daha sonra üzv dövlətin layihə üzrə Rezident Tvinninq məsləhətçisi layihə çərçivəsində görülmüş işlər barədə danışmış, həyata keçirilmiş missiyalar və bu missiyalar zamanı fəaliyyətlərin məqsədləri və nəticələri barədə məlumat vermiş və layihənin icrası ilə bağlı 2-ci rüblük hesabatı təqdim etmişdir. Bununla yanaşı, gözlənilən gələcək tədbirlər barədə məlumat vermişdir.

 

Daha sonra müzakirələr aparılmış və layihə çərçivəsində hazırlanacaq maliyyə təlimatı barədə təkliflər səslənmişdir. Habelə, 1-ci Komponentlə bağlı layihə çərçivəsində sənədlərin zamanında hazırlanmasının vacibliyi və bu sənədlərin Palatanın gələcək fəaliyyətində əhəmiyyətindən bəhs edilmişdir.