Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndə heyəti ilə görüş
Əlavə olunub: 2018-06-20

2018-ci il iyun ayının 20-də Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədovun   Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqazda Dövlət Maliyyə İdarəetməsi layihəsinin missiyası ilə görüşü olmuşdur.

 

Görüşdə Vüqar Gülməmmədov  və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndə heyəti - Proqram üzrə Qrupun rəhbəri cənab Jens Peterson Tumser və ekspert  cənab Kristian Doerinq  layihə çərçivəsində  Proqramın məqsədləri - səmərəlilik və hesabatlılıq sahələrində dövlət maliyyə sub sistemlərinin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması, fərdi tərəfdaş təşkilatların potensialını gücləndirməklə yanaşı büdcə sistemindəki təşkilatlar arasındakı qarşılıqlı əlaqə, vergi siyasəti və vergi idarəetməsi sahələrində avtomatik məlumat mübadiləsi, vergi audit funksiyası, kütləvi informasiya vasitələri və sosial tərəfdaşlarla ünsiyyət  məsələlərini müzakirə etmişlər.

 

Hesablama Palatasınınsədri cənab Vüqar Gülməmmədov Palatanın əməkdaşlığa hazır olduğunu bildirmiş, Palatanın cari fəaliyyəti barədə məlumat vermiş, o cümlədən Tvinninq layihəsi ilə əhatə olunan maliyyə, uyğunluq və səmərəlilik auditi, yeni “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və bununla bağlı gələcək fəaliyyətin təkmilləşdirilməsi, eləcə də maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşdırılması, həmçinin digər Ali Audit Qurumlarında qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məsələlərindən danışmışdır.

 

Proqram üzrə Qrupun rəhbəri cənab Jens Peterson Tumser və ekspert  cənab Kristian Doerinq GIZ barədə məlumat verərək Almaniya Səfirliyi, Aİ nümayəndəliyi və Dünya Bankı ilə görüşlərdə son illərdə Palatada baş verən önəmli dəyişikliklər və gələcəyə doğru yeni fəaliyyət planlarından danışmış, GIZ tərəfindən hazırki layihənin 2020-ci ilin mart ayına kimi davam etdiriləcəyini bildirmişlər.

 

Görüşdə, həmçinin 2020-ci ildən sonra bu layihənin davamı kimi yeni layihə və bu çərçivədə Palata ilə əməkdaşlıq imkanları, maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşması sahəsində müvafiq dəstəyin göstərilməsinə hazırlıq və bu istiqamətlərdə təklif və şərhlər, gələcək müvafiq danışıqlar müzakirə mövzusu olmuşdur.