Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt Peterburq şəhərində səfərdə olmuşdur
Əlavə olunub: 2018-05-28

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi nümayəndə heyəti 24-25 may 2018-ci il tarixlərində Rusiya Federasiyasının Sankt Peterburq şəhərində səfərdə olmuşdur.

 

Səfərin əsas məqsədi 2019-cu ildə keçiriləcək Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) növbəti konqresinə hazırlıq üçün dəyirmi masa ətrafında müzakirələrdə iştirak olmuşdur. Konqresdən sonra növbəti üç il ərzində bu mötəbər təşkilatda sədrlik səlahiyyətini icra edəcək Rusiya Federasiyasının Hesablama Palatası bu toplantını 22-ci Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil etmişdir. Konqres INTOSAI-ın ali orqanı olaraq dünya AAQ-ları üçün ən aktual mövzuları müzakirə edir və sonrakı illər üçün inkişaf strategiyalarını müəyyən edir. Konqresə konseptual hazırlıq məqsədilə müvafiq İşçi Qrup yaradılmış və Azərbaycan AAQ-ı da bu təşəbbüsə qoşulmuşdur. İşçi Qrupun bir neçə görüşü təşkil edilmiş, telekonfrans vasitəsilə müzakirələr aparılmışdır. Nəticədə, İşçi qrupun məsul olduğu “Ali Audit Qurumlarının milli prioritet və məqsədlərə nail olunmasında rolu” mövzusu ilə bağlı olan və Konqresdə təsdiq olunaraq ümumi strategiya üçün təməl olacaq sənəd layihəsi hazırlanmışdır.

 

 

Hazırlanmış sənəd layihəsinin təqdimatı və müzakirəsi üçün beynəlxalq forumda keçirilən dəyirmi masada 20 təşkilatı təmsil edən nümayəndə heyəti iştirak etmişdir. Rusiya Federasiyasının Hesablama Palatasının Sədri Aleksey Kudrin tədbir iştirakçılarını salamlayaraq onları bu mühüm sənəd layihəsinin müzakirəsində fəallığa dəvət etmişdir. Dəyirmi masada ilk olaraq gözlənilən konqresin mövzuları üzrə hazırlanmış sənəd layihələri təqdim edilmişdir. Bununla əlaqədar Rusiya AAQ-ının çıxışından sonra Çin AAQ-nın rəhbəri Li Xiaozhong digər bir mövzu üzrə hazırlanmış layihəni təqdim etmişdir. Sonrakı müzakirələrdə INTOSAI-ın Baş Katibi, Avstriya AAQ-nın rəhbəri Margit Krakerin hazırlanmış sənəd layihələrinə dair şərhləri dinlənilmiş, digər nümayəndə heyətlərinin məsul təmsilçilərinə söz verilmişdir. Yekun olaraq, Konqresə hazırlıq prosesinin növbəti mərhələləri üzrə görülməli işlərin davam etdirilməsi qərar alınmışdır.

 

Səfər proqramına əsasən Hesablama Palatasının nümayəndə heyəti Forumun digər tədbirlərində iştirak etmişdir. Hesablama Palatası Sankt Peterburq Beynəlxalq iqtisadi forumunda ilk dəfə 2016-cı ildə iştirak etmişdir. 1997-ci ildən keçirilən bu beynəlxalq Forumun əsas missiyası həm özəl sektor, həm də ictimai və dövlət sektorunun nümayəndələrini bir araya gətirir.

 

Səfər zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin, Sankt Peterburq Nəzarət Hesablama Palatasının sədri Vadim Lopatnikov ilə görüşü olmuşdur. Görüş zamanı federasiya subyekti səviyyəsində kənar dövlət auditi funksiyasının həyata keçirilməsinin xüsusiyyətləri və digər məsələlər barədə ətraflı məlumat verilmişdir.