Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışı (plenar)
Əlavə olunub: 2018-05-31

Hörmətli Sədr! Hörmətli millət vəkillər! Hörmətli hökumət üzvləri!

 

2017-ci ilin əsas iqtisadi meylləri, icra edilmiş dövlət büdcəsinin parametrləri ilə bağlı məlumatların Ziyad müəllim tərəfindən təqdim edildiyini nəzərə alaraq 2017-ci ildə dövlət büdcəsinin icrasına dair qanun layihəsi və hesabat üzrə Hesablama Palatasının  Rəyini  diqqətinizə çatdırmaq istərdim.

 

Hesabat ilində qlobal iqtisadi mühit  neftin dünya bazarlarında qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi,  dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyllərlə xarakterizə olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar öz nəticələrini hesabat ilində də göstərmişdir. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilmiş, qeyri-neft sektoru üzrə real artım tempi 2,7% təşkil etmiş, qeyri-neft sektorunun ÜDM-də payı 62,8%-ə çatmışdır. Hesabat ilinin dövlət büdcəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyllər, həmçinin  dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə məsuliyyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilmiş, bu amillər icra prosesinə təsirsiz ötüşməmişdir.

 

İlk olaraq 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabatla bağlı qeyd edim ki, hər iki sənəd “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilmiş və bu Qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanmış, qanunvericiliklə həmin sənədlərdə göstərilməsinin tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar əks olunmuşdur.

 

Bununla yanaşı, Hesablama Palatası hesab edir ki, dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan hesabatlarda müxtəlif istiqamətləri əhatə edən və Rəydə vurğulanan ətraflı məlumatların əks olunması son nəticədə  beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqların icrasını təmin etməklə, ölkəmizin beynəlxalq qiymətləndirlmələrdə mövqeyinin yaxşılaşdırılmasına xidmət etmiş olar.

 

Hörmətli millət vəkilləri!

 

2017-cı ildə dövlət büdcəsinin gəlirləri  proqnozlaşdırlmış məbləğlə müqayisədə 98,5% səviyyəsində (16516,7 mln. manat) icra edilmişdir. Ümumiyyətlə ÜDM-in əvvəlki illə müqayisədə nəzərəçarpacaq artımı, dövlət büdcəsinin gəlirlərinin bir qədər azalması hesabat ilində gəlirlərin ÜDM-ə nisbət göstəricinin 23,5% səviyyəsində icrası ilə nəticələnmişdir. Hesabat ilində ümumi büdcə gəlirlərinin 46,8% ilin birinci yarısında, 53,2% isə ikinci yarısında daxil olmuşdur.

 

Dövlət büdcəsi gəlirlərinin iki aspekti ilə bağlı nəticələri diqqətə çatdırmaq istəyirəm: vergi gəlirləri və digər gəlirlər.

 

Ümumiyyətlə hesabat ilində dövlət büdcəsinin vergi gəlirləri üzrə müəyyən edilmiş 94,1% səviyyəsində yerinə yetirilsə də, bu daxilolmalar üzrə 2016-cı illə müqayisədə artım 3,5% təşkil etmişdir. Vergi gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi də 4,5 faiz bəndi artaraq 2017-ci ildə 51,2%-ə yüksəlmişdir.

 

Vergi gəlirlərinin tərkibində fiziki şəxslərin gəlir vergisi üzrə 2017-ci il üçün müəyyən olunmuş proqnozun 10,9% kəsirlə yerinə yetirilməsi, eyni zamanda əvvəlki ilə nisbətən azalması əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsini tələb edir. Bu vergi növü üzrə icra səviyyəsinə, eləcə də hesablanmış öhdəliklərin əlavə dəyər vergisinin əvəzləşdirilməsinə görə yaranan artıqödəmə məbləğlərinin hesabına aid edilərək dövlət büdcəsinə köçürülməməsi səbəbindən  muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisinin əsasən real (hasilatın pay bölgüsü sazişləri istisna olmaqla) sektor üzrə proqnozlarının icra olunmaması təsir göstərmişdir.

 

Vergi gəlirlərinin tərkibində xüsusi çəkisi böyük olan Əlavə Dəyər Vergisi ilə bağlı qeyd edim ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artımı, eləcə də ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə artması, həmçinin digər əlaqəli iqtisadi faktorların artım dinamikası fonunda Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi müəyyən edilmiş proqnoz 86,2% səviyyəsində icra edilmişdir. Qeyd olunanlar bu vergi növü üzrə daxilolmaların məbləğinə təsir edən qeyri-iqtisadi amillərin araşdırılmasını və bu amillərin təsrinin neytrallaşdırılması məqsədilə vergi-büdcə siyasətində müvafiq tədbirlərin nəzərdə tutularaq icrasını zəruri edir. Ümumiyyətlə, qeyd edim ki, hesabat ilində Əlavə Dəyər Vergisinin uzunmüddətli dinamikası Vergilər nazirliyi xətti ilə əlavə dəyər vergisinin azaldığını, Gömrük komitəsi xətti ilə isə əksinə artdığını göstərir.

 

Digər gəlirlər üzrə isə əksinə, proqnoz artıqlaması ilə icra edilmiş, lakin mütləq ifadədə 2017-ci ildə bu gəlirlər 2016-ci ilə müqayisədə 13,6% az olmuşdur. Əvvəlki illərlə müqayisədə azalmanın əsas səbəbi digər gəlirlərin 75,6%-ni təşkil etmiş Dövlət Neft Fondundan transfertin həcmi ilə əlaqədardır.

 

Digər gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmaların məbləğini nəzərə almadıqda isə digər gəlirlərin 116,7% səviyyəsində və əvvəlki illə müqayisədə 14,1% çox icra edildiyini qeyd etməliyik. Eyni zamanda qeyd edilməlidir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-vergi daxilolmaları üzrə proqnozlaşdırma xətalarının olması müşahidə edilmişdir.

 

Digər tərəfdən dövlət büdcəsinin gəlirlərinin icrası mərhələsində real sektordan yığımı təmin edən dövlət qurumlarının inzibatçılığının proqnoz hədəflərin icrası üzərindəki təzyiqlərinin maliyyə-vergi intizamının gücləndirilməsi istiqamətinə yönəldilməsi məsələrinin  həlli aktual olaraq qalmaqdadır.

 

Nəzərə almalıyıq ki, real sektorda təsərrüfat subyektlərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi üçün inzibatçılığın maliyyə-vergi intizamının gücləndirilməsi  üzərində daha çox səfərbər olunması zəruridir.

 

Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması məqsədi ilə dövlət büdcəsinin gəlirlərinin formalaşması və icrası prosesində iştirak edən inzibatçı qurumların fəaliyyətində koordinasiya işləri daha da gücləndirilməlidir.

 

Hörmətli millət vəkiləri!

 

2017-ci ildə dövlət büdcəsinin xərclərində 2016-cı illə müqayisədə cüzi azalma müşahidə edilmiş və98,1% səviyyəsində icra edilmiş, büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 25,1% təşkil etmişdir.

 

2017-ci ildə büdcə xərclərinin icrasına təsir edən amilləri diqqətinizə çatdırmaq istərdim.

 

Xərclərin icrasına son illərdə büdcə qanunvericiliyində edilmiş dəyişikliklərin təsiri ilk növbədə qeyd edilməlidir. Bu dəyişikliklər hesabatlılığın gücləndirilməsində mühüm addım olmuşdur.

 

Hesabat ilində digər bir məqam manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsindən fərq məbləğinin yaranmasıdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Qanun layihəsində ayrıca sətirlə göstərilmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Hesabat ilində dövlət büdcəsinin kəsiri 1,1 mlrd. manat və ya təsdiq olunan yuxarı həddən 8,3% az olmuş, kəsirin ÜDM-ə nisbəti 1,5% təşkil etmişdir.

 

Büdcə kəsirinin 54,4%-i vahid xəzinə hesabının qalığı,  9,9%-i özəlləşdirmədən daxilolan vəsait, qalan 35,7%-i isə daxili və xarici borclanma hesabına maliyyələşdirilmişdir.

 

2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17,0 mlrd. manat təşkil etmişdir. Bu, strateji valyuta ehtiyatlarımızdan bir neçə dəfə azdır və məcmu dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq təcrübədə qəbul edilmiş sərhəddən nəzərəçarpacaq dərəcədə aşağı olması ölkəmizdə dövlət başçısı tərəfindən dayanıqlı borc siyasətinin yürüdüldüyünü bariz şəkildə ifadə edir.

 

Ümumi dövlət borcu məbləğinin 93,9%-i xarici dövlət borcuna, 6,1%-i daxili dövlət borcuna aid olmuşdur.


Xarici dövlət borcunun valyutalar üzrə bölgüsündə 2017-ci il ərzində müəyyən dəyişikliklər olmuşdur. Xarici dövlət borcunun valyuta üzrə bölgüsünə nəzər yetirdikdə qeyd etmək olar ki, ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan borcun məbləği hesabat ilinin əvvəli ilə müqayisədə 30,2 % artaraq faktiki xarici borcun ABŞ dolları ilə ifadəsində 44,8% artımına şərait yaratmışdır.

 

Eyni zamanda bu meyl kredit sazişlərinin müddətlər üzrə bölgüsünə də təsirsiz ötüşməmişdir. Belə ki,kredit sazişinin bölgüsündə 10 ildən 20 ilə qədər olan dövrlərdə borcun həcmi faktiki xarici borcda xüsusi çəkisi 40,0 %dən 51,2%-ə qədər yüksəlmişdir.

 

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanlıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir.

 

Cənab Prezidentin xarici borcun azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası vəsaitlərin strukturunun iqtisadi artımın və sosial rifahın yüksəldilməsi istiqamətində dəyişməsinə gətirib çıxaracaqdır.

 

Hörmətli millət vəkilləri!

 

Müzakirələrdə 2017-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun layihəsinə və hesabata Hesablama Palatasının müsbət rəyini nəzərə almağınızı xahiş edirəm.