Hesablama Palatasının əməkdaşları Çex və Macarıstan Ali Audit Qurumlarında ikitərəfli görüşlərdə iştirak etmişlər.
Əlavə olunub: 2018-06-01

Hesablama Palatasının əməkdaşları şöbə müdiri Cavid Bayramov və sektor müdiri Sənay Paşayev Çex Respublikasının paytaxtı Praqa şəhərində ölkənin Ali Audit Ofisində (AAO) dövlət büdcəsinin gəlirlərinin auditi mövzusunda keçirilən ikitərəfli görüşdə iştirak etmişlər. Görüşdə əsas məqsəd büdcə gəlirlərinin auditi sahəsində Çex AAO-nın təcrübəsi ilə tanış olmaq və bu istiqamətdə qarşılıqlı birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olmuşdur.

 

Tədbir ilk öncə Çex AAO-nun prezidenti cənab Miloslav Kalanın Hesablama Palatası əməkdaşlarının salamlaması ilə başlamışdır. Cənab Kala çıxışında bu kimi görüşlərin təcrübə mübadiləsi baxımından əhəmiyyəti barədə məlumat vermiş, həmçinin EUROSAI çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının fəal iştirakını xüsusilə vurğulamışdır. AAO-nun prezidentinə Azərbaycana aid xüsusi kitab hədiyyə edilmişdir.

 

Daha sonra tədbirdə AAO-nun əməkdaşları tərəfindən mövzu ilə bağlı, o cümlədən büdcə gəlirlərinin auditi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri, büdcə gəlirlərinin auditində əsas məqsədlər, audit formaları, audit mövzuları, auditin nəticələri və onun rəsmiləşdirilməsi prosedurları, eləcə də mövzu üzrə praktik nümunələr barədə geniş məlumat verilmiş və qarşılıqlı müzakirələr keçirilmişdir. 

Hesablama Palatasının əməkdaşları həmçinin   Macarıstanın AAQ-ı olan Dövlət Audit Ofisində (DAO) büdcə gəlirlərinin auditi mövzusuna dair ikitərəfli görüşdə iştirak etmişlər. Görüşdə DAO-nun aidiyyəti departament rəhbərləri tərəfindən DAO-nun büdcə gəlirləri üzrə mərkəzi büdcənin icrasının auditi təcrübəsi, gəlirlərin auditi üzrə planlaşdırılma sistemi, illik büdcə layihəsinin qiymətləndirilməsi və təhlil işləri, həmçinin, DAO-nun fəaliyyətində şəffaflıq və hesabatlılıq mövzuları üzrə təqdimatlar edilmiş və qeyd edilən istiqamətlər üzrə qarşılıqlı müzakirələr aparılmışdır.

 

Hər iki görüşün sonunda büdcə gəlirlərinin auditi və digər istiqamətlər üzrə, EUROSAI çərçivəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi üzrə təkliflər səslənmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.